Arif Hacılı İsa Qəmbərin adamlarını təmizləyəcək

Yeni başqanın liderə çevrilməsi prosesi ağrılı olacaq, qopmalar qaçılmazdır

Müsavat partiyasının ötən şənbə keçirilən 8-ci qurultayında Arif Hacılı başqan seçildi. O, qurultay nümayəndələrinin 228-nin səsini qazandı. Başqan adaylarından Qubad İbadoğlu  200 səs, gənclərin namizədi Tural Abbaslı isə 19 səs toplayıb. Səsvermə prosesindən ciddi narazılıq yoxdur. Müsavat.com saytı qurultayın gedişini və səsvermə prosesinin canlı yayınlayırdı. Nəticədən narazı qalanlar var. Ancaq onlar köhnələrin əlbirliyi ilə yenilərə, islahatçılara meydan vermədiyini deyirlər. Məsələn, gənclər şübhə edir ki, seçkiqabağı görüşünə 250 nəfər gənc gələn Tural Abbaslı necə olub ki, cəmi 19 səs alıb? Tural Abbaslının dostlarından biri Cavanşir Abbaslı facebookda yazıb ki, köhnələr gəncliyi irəli buraxmadı. Namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürmüş Səxavət Əlisoy mətbuata açıqlamasında Arif Hacılının başqan seçilməsini tənqid edib. O, Qubad İbadoğlunun namizədliyini Müsavatın yenilənmək cəhdi kimi dəyərləndirib: "Müsavat dəyişmək istədi, 4 səs imkan vermədi. Bir çıxışında az qala 50 dəfə "mən" deyən, bir 50 dəfə də İsa Qəmbərə istinad edən biri təlimatlandırılmış tərəfdarlarının gurultulu və sürəkli alqışları altında, partiyanın icra aparatındakı "çete"sinin hər cür oyunbazlıqları sayəsində sədr seçildi. Son 20 ildəki seçki məğlubiyyətləri bir daha zəfər kimi qiymətləndirildi. Kəsəsi, partiya ötən əsrin 70-ci illərindəki durğunluq dövrünə oxşar bir mərhələyə qədəm qoydu". Xatırladaq ki, Səxavət Əlisoy adaylığını İbadoğlunun xeyrinə geri götürmüşdü. Ondan başqa Vurğun Əyyub, Hikmət Hacızadə də İbadoğlunu dəstəkləyirdi. Belə çıxır ki, Arif Hacılı bu şəxslərin hər birinə qalib gəlib. Seçki arxada qaldı, yeni başqan məlumdur. Qurultayda İsa Qəmbər partiyanın 2018-ci il prezident seçkilərində adayı elan olunub. Bu o deməkdir ki, Müsavat İsa Qəmbərə görə gələnlər hələ 5 il partiyada qalacaqlar, getmək barədə düşünməyəcəklər. Qurultayın İsa Qəmbər haqqında qərarı Arif Hacılı üçün də gərəkli idi. Çünki 22 il böyük bir dövrdür və bu müddətdə partiyanın başqanı İsa Qəmbər olmuşdu. O, istər-istəməz liderə çevrilmişdi. Birdən-birə başqanın dəyişməsi partiyada parçalanmaya səbəb ola bilərdi. Amma İsa Qəmbərin 5 il sonrası üçün prezidentliyə namizəd elan olunması partiyanın sabiq başqanın nəzarətində qalması anlamına gəlmir. Arif Hacılı təsir altında qalacaq siyasi fiqur deyil. 2003-cü il hadisələrindən sonra, özəlliklə son illər iki dəfə həbsə düşüb çıxandan sonra Arif Hacılı daha çox öz adının halllanmasına çalışırdı, İsa Qəmbərin lider olduğunu az-az vurğulayırdı. Dəfələrlə siyasi keçmişini yada salır, istiqlalçı deputat, Müsavatı quranlardan biri olduğunu qeyd edirdi. Son qurultayda isə Elçibəyin yetirməsi olduğunu qeyd edib. Bu o deməkdir ki, Arif Hacılı Müsavatı müstəqil idarə etməyə, İsa Qəmbərin adamlarını təmizləməyə çalışacaq. Hələki tərəflər mehribandır, "Müsavat demokratiya sərgilədi" eyforiyası davam edir. Yeni başqanın liderə çevrilməsi prosesi ağrılı olacaq. İsa Qəmbər və adamları buna mane olacaq, güşətsiz, intriqabaz başqan isə yoluna davam edəcək. Bu halda qopmalar labüd olacaq.

Zaur Sultanbud

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00