Sahilyanı ölkələrin Xəzər problemi

Xəzərin statusunun müəyyən edilməsi məqsədilə daha bir mötəbər görüş keçirilir. Məlum olduğu kimi Xəzər sahili olan ölkələrin dövlət başçıları-Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran prezidentləri bu dənizin sahilindəki Rus şəhəri Həştərxanda  bir araya gəlib. Rusiya dövlət Başçısı Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Qazaxıstan dövlət Başçısı Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovun qatılacağı Xəzər Zirvəsinin ən əhəmiyyətli mövzusu Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsidir. Yaxın tarixə nəzər saldıqda aydın olur ki, daha əvvəl yalnız Sovetlər Birliyi (SSRİ) və İran arasında bölünən Xəzər dənizi, birliyin dağılmasıyla çox sayda ölkə arasında yenidən bölüşüm müzakirələrini başlatdı  Lakin dənizin zəngin neft ehtiyatlarına malik olması səbəbindən tərəflər konkret bir razılaşma əldə edə bilmədi. Sahilyanı ölkələr, hərbi və geosiyasi maraqları, Xəzərdə olan zəngin neft və təbii qaz qaynaqlarından daha çox pay almaq istəmələri səbəbiylə status mövzusunda bu günə qədər bir razılaşmaya gılə bilməyiblər. Bu günə qədər Xəzərdəki ekoloji vəziyyətin, dəniz bitki və heyvanlarının qorunması, onların istifadə edilməsi, eləcə də fövqəladə hallarda əməkdaşlıq edilməsi istiqamətində tərəflər müəyyən razılaşma əldə etsə də, lakin Xəzərin göl və ya dəniz olması, olması, dənizin dibində və səthində sərhədlərin müəyyənləşdirilməsi, neft və təbii qaz yataqlarının kimə aid olduğu, dəniz dibindən boru kəmərlərinin çəkilməsi kimi mövzularda vahid mövqedən çıxış edə bilmirlər. Məlumat üçün qeyd edək ki, Xəzər sahili olan ölkələrdən Rusiya, Azərbaycan və Qazaxıstanın, dəniz dibinin bölünməsi istiqamətində razılaşması var. Bu mövzuda İran və Türkmənistan ilə razılaşma əldə edilməsə də rəsmi Moskva dəniz səthinin milli bölgələrə bölünməsinin tərəfdarıdır  Xəzərin göl olaraq qəbul edilməsinin lazım olduğunu müdafiə edən Rusiya, dənizdən keçəcək boru xəttləri ilə bağlı bütün ölkələrin razılığının alınmasını israr edir. Azərbaycan, Türkmənistan və Qazaxıstan isə Rusiyanın bu təklifini isti qarşılamır. Rəsmi Moskvanın belə bir mövqe nümayiş etdirməsinin səbəbi isə Türkmənistan qazının Xəzərdən keçərək Avropa bazarlarına çıxması və onun Rus qazına rəqib olmasıdır. Əgər Türkmən qazı Xəzər vasitəsilə Avropaya çıxarsa o halda Avropanın Rusiya qazından asılılığı aradan qalxar. Bu isə təbii ki, Kremlin maraqlarına ziddir. Sahilyanı ölkələrdən olan İran isə həm daha çox dəniz ərazisi əldə etmək, həm də yeni təbii qaz yataqlarına sahib olmaq üçün Xəzərin dibinin və səthinin beş bərabər hissəyə ayrılmasını istəyir. Sovetlər dövründəki sərhəddindən daha çox pay almaq istəyən İran "Alov" təbii qaz yatağı mövzusunda da Azərbaycanla anlaşılmaz durumdadır. Xəzərdə bir digər anlaşılmazlıq isə Kəpəz yatağı ilə bağlıdır. Rəsmi Aşqabad Kəpəzi Sərdar yatağı kimi qələmə verərək ona məxsus olduğunu iddia edir. Bu səbəbdən hazırda sözügedən təbii qaz yatağı ilə bağlı Azərbaycan və Türkmənistan arasında anlaşılmazlıq yaşanır. Ancaq rəsmi Aşqabad da Xəzərin milli bölgələrə bölünməsini müdafiə edir. Lakin bu ölkə Kəpəz yatağına olan iddiasından əl çəkməyə maraqlı görünmür. Türkmənistan da İran kimi Xəzərin bərabər şəkildə paylaşılmasını istəyir. Ancaq Aşqabad Rusiya, Azərbaycan və Qazaxıstan ilə bu mövzuda fikir ayrılıqları yaşayır. Qazaxıstan və Azərbaycan isə hər zaman Xəzərin milli bölgələrə ayrılmasına tərəfdar olduğunu açıqlayır.  Sahilyanı ölkələr arasında rəsmi Bakının mövqeyi təqdiredici görünür. Belə ki, Azərbaycan Xəzər dənizinin "orta xətt prinsipi"ni əsas alınaraq milli bölgələrə bölünməsini və ölkələrin bu bölgələrdə tam səlahiyyətli olmasını istəyir. Xəzərin bağlı bir dəniz olduğunu bildirən Qazaxıstan isə burada Birləşmiş Millətlər Təşkilatının əlaqədar konvensiyalarının tətbiq olunmasını istəyir. Astana rəhbərliyi hesab edir ki, dənizin dibi beş bərabər hissəyə bölünməli və hər bir dövlətin özünə düşən bölgə istənildiyi kimi istifadə edilməlidir. Qazaxıstan dəniz səthindən isə ortaq istifadəni tələb edir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00