Dövlət vətəndaş cəmiyyətinin inkişafını dəstəkləyir

Rauf Zeyni: “Azərbaycanda QHT-lərə dövlət səviyyəsində təzyiqlərin olduğunu iddia etmək absurddur”

Azərbaycana qarşı qərəzli münasibətin yeni mərhələsinə start verilib. Zaman-zaman müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının ölkəmiz barədə yaydığı qeyri-obyektiv hesabatlara bu dəfə Avropa Parlamenti və təəsüf də olsa Birləşmiş Ştatlar prezidenti Barak Obama da qoşulub. Xəbərlərdən də məlum olduğu kimi bir neçə gün əvvəl Avropa Parlamentinin Azərbaycanla bağlı yaymış olduğu hesabatda ölkəmizdə insan hüquq və azadlıqlarının pozulduğu, vətəndaş cəmiyyətinin inkişafına maneçilik törədildiyi iddia olunurdu. Bundan bir qədər sonra isə Ağ Ev rəhbəri Barak Obama beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın adını haqsız olaraq vətəndaş cəmiyyətinin inkişafına maneçilik yaradılan ölkələrlə bir sırada çəkmişdi. Bəs görəsən doğurdanmı Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına hər hansı formada maneçilik törədilir və ya bu sahədə ciddi problemlər mövcuddur? Yaxud ölkəmizə qarşı olan bu qeyri-obyektiv yanaşma, qərəzli mövqe haradan qaynaqlanır?

***

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirib ki, müxtəlif ekspertlər, təşkilat və beynəlxalq qurumlar hər il Azərbaycandakı vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının vəziyyətini dəyərləndirir, bununla bağlı hesabatlar hazırlayır və həmin hesabatlar müxtəlif donorlar, beynəlxalq təşkilatlar və dövlət qurumlarına təqdim olunur: "Eləcə də dövlət qurumları, Ədliyyə Nazirliyi və digər aidiyyatı orqanlar da öz tərəflərindən Azərbaycandakı vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı  müəyyən hesabatlar hazırlayırlar. Yəni, bu korlar şəhəri deyil ki, kim necə gəldi məlumat versin. Təəssüflər olsun ki, Birləşmiş Ştatlar kimi böyük bir dövlətin prezidenti Barak Obama da Azərbaycana qərəzli mövqedən yanaşan hansısa mərkəzlərdən aldığı məlumat əsasında beynəlxalq konfransda qeyri-obyektiv məlumatlar əsasında çıxış edir. O, bu və ya digər ölkələr, eləcə də Azərbaycanı haqsız olaraq qeyri-hökumət təşkilatlarının sıxışdırıldığı ölkələr sırasında qeyd edir". QHT Forumunun prezidenti deyir ki, Azərbaycanla bağlı bütün bu yanaşmalar və ortaya qoyulan mövqe ədalətsiz, qərəzli və qeyri-obyektivdir: "Çünki son on ildə Azərbaycanda qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti çox böyük bir inkişaf yolu keçib. Yaddan çıxarmayaq ki, Azərbaycan 23 ildir ki, müstəqillik əldə edib və dövlət olaraq son 20 ildə vətəndaş müharibəsindən vətəndaş cəmiyyətinə yol qət edib. Bu yol məşəqqətli, çətin yol olub. Ancaq bütün bunlara baxmayaraq həmin çətinliklərin hamısından azad olaraq sabit, stabil, dinamik inkişaf edən bir cəmiyyət yaratmışıq. Məhz bu cəmiyyətdə bu gün vətəndaş cəmiyyəti inkişaf edir". Rauf Zeyninin sözlərinə görə, Azərbaycanda QHT-lərə dövlət səviyyəsində təzyiqlərin olduğunu da iddia etmək absurddur: "Təəssüflər olsun ki, bəzi dövlət rəhbərləri, eləcə də ABŞ prezidenti Barak Obama beynəlxalq tədbirlərdə bu cür əsassız iddialarla çıxış edir. Belə bir iddia ilə çıxış edən şəxslərin diqqətinə çatdırmaq istəyirəm ki, nə dövlət, nə də hökumət səviyyəsində heç bir QHT-yə təzyiqlər yoxdur və onların fəaliyyətlərinin məhdudlaşdırılması istiqamətində hər hansı bir addım atılmır. Düzdür, etiraf etmək lazımdır ki, müəyyən bürokratik əngəllər, problemlər var. Onu da qeyd etmək yerinə düşər ki, belə xırda problemlərin olmadığı hansısa bir dövləti göstərmək qeyri-mümkündür. Hər bir dövlətdə bu tipli xırda problemlər mövcuddur. Ancaq bunları şişirdib Azərbaycana qarşı təzyiq alətinə çevirmək ədalətsizlikdir". Forum prezidentinin sözlərinə görə, Azərbaycan son on ildə bütün sahələrdə elə bir mərhələ keçib ki, artıq ölkəmiz tolerantlıq, turizm, mədəniyyətlərarası dialoq mərkəzi kimi tanınır: "Bu böyük bir nəticədir". Rauf Zeyni deyir ki, Azərbaycanda 3000 qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib ki, onlardan da 1500-ü daimi fəaliyyət göstərir: "Həmin 1500 QHT-nin 648-i məhz Milli QHT Forumunun üzvüdür. Bu gün nəinki paytaxtda, eləcə də regionlarda çoxlu sayda QHT-lər fəaliyyət göstərir. Bu da onunla bağlıdır ki, dövlət vətəndaş cəmiyyətinin inkişafını yalnız sözlə deyil, eyni zamanda əməllə dəstəkləyir. Misal olaraq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması, ondan əvvəl Dövlət Dəstəyi Konsepsiyasının qəbul edilməsi, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və KİVDF-nin yaradılması, 20 milyon manata yaxın vəsaitin  vətəndaş cəmiyyətinin inkişafına ayrılmasını göstərə bilərik. Həmçinin Azərbaycanda müntəzəm olaraq gənclər təşkilatları və QHT-lərlə əlaqədar beynəlxalq tədbirlərin keçirilməsini də bu sıraya aid etmək olar. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan son illərdə bütün sahələrdə olduğu kimi vətəndaş cəmiyyətinin inkişafı sahəsində də uğurlu yol keçib". Milli QHT Forumunun prezidenti onu da etiraf edib ki, bəzi QHT-lərin ofis və digər sənədləşmə problemləri var və həmin problemlərin həlli istiqamətində də mütəmadi olaraq lazımı addımlar atılır.


Süleymn İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00