Gələn ilin dövlət büdcəsinin layihəsi prezidentə təqdim olunub
29 Sentyabr 2014 12:21 SiyasətBaş nazir Artur Rasizadə Azərbaycan Respublikasının 2015-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2015-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar verib. Qərarda qeyd olunur ki, Maliyyə Nazirliyinin əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırladığı "Azərbaycan Respublikasının 2015-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və İqtisadiyyat və Sənaye Nazirliyinin təqdim etdiyi "Azərbaycan Respublikasının 2015-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilib. Bu sənədlər və "Büdcə sistemi haqqında" Qanunun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar Prezidentə təqdim edilib.