Prezidentlər dialoqu davam etdirəcəklər
ATƏT: "Ermənistan və Azərbaycan prezidentləri dialoqu davam etməyi planlaşdırırlar"
26 Sentyabr 2014 17:49 Siyasət"Ermənistan və Azərbaycan prezidentləri dialoqu davam etməyi planlaşdırırlar". ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) Edvard Nalbandyan və Elmar Məmmədyarov ilə birgə Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq məsələlərini müzakirə edib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də görüşdə iştirak edib. Ermənistan və Azərbaycan prezidentləri Parisdəki görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının əsas elementləri üzrə dialoqu davam etdirməyi planlaşdırır. Həmsədrlər ümid edirlər ki, prezidentlər münaqişənin nizama salınması ilə bağlı irəliləyişə nail olmaq üçün məhsuldar müzakirələr keçirəcəklər. Pyer Andrie məsələlər haqqında iştirakçılara məlumat verib. Həmsədrlər yaxın vaxtlarda regiona səfərə etmək niyyətində olduqlarını ifadə ediblər. Vasitəçilər həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ətrafında son hadisələrin inkişafının müzakirəsi üçün ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının xarici işlər naziri Didye Burkhalter ilə görüşüblər. Onlar sədrə prezidentlərin Soçidə və Uelsdəki son görüşləri haqqında hesabatı təqdim ediblər. Eyni zamanda Parisdə keçiriləcək görüşə hazırlıq haqqında da ATƏT sədrinə məlumat verilib.