Müsavat üçün tək çıxış yolu-həmsədrlik

Əks halda partiya bütövlüyünü itirəcək

Sentyabrın 27-də Müsavat partiyası tarixi qurultayını keçirəcək. Bu qurultayda partiyanın başqanı dəyişməlidir. Artıq qərar verilib, nizamnamə dəyişmir, İsa Qəmbər başqanlıqdan gedir. Başqanlığa 4 aday olsa da, mübarizə ikisinin arasında gedəcək. Başqan seçkilərində əsasən Arif Hacılı ilə Qubad İbadoğlu yarışacaq. Tural Abbaslının cüzi səslə üçüncü olacağı şəksizdir. Səxavət Əlisoy isə yəqin ki, Qubad İbadoğlunun xeyrinə adaylığını geri götürəcək. Şanslı namizədlərin hər ikisi iddialı və arxasında güc var. Öncə Arif Hacılını təhlil edək. Hacılı təcrübəlidir, partiyanın yerli təşkilatlarında ciddi dayaqları var. Protest elektoratının sevimlilərindən biridir, radikaldır və yəqin ki, müsavatçıların əksəriyyəti ona səs verəcək. Arif Hacılı Müsavatın AXCP ilə davasını sürdürəcək adamdır. Güclü fiqurdur, Əli Kərimli ilə baş-başa gələ biləcək şəxsdir. Arif Hacılının başqan olması Müsavat üçün faydalı ola bilər. Ancaq bir iş var ki, köhnələrin əksəriyyəti  "mən olmuramsa, o da olmasın" prinsipi ilə Arif Hacılıya qarşıdır. İkinci şanslı aday Qubad İbadoğludur. Beynəlxalq əlaqələri var, gənc iqtisadçı kimi müəyyən dairələrin diqqətini çəkib. Maraqlı nüans burasıdır ki, İbadoğlunu dəstəkləyənlər Arif Hacılını istəməyənlərdir. İbadoğlu-Hacılı seçimi qarşısında Müsavat partiyası iki yerə bölünüb.  Köhnələrdən Hikmət Hacızadə, Vurğun Əyyub və digərləri Qubad İbadoğlunu dəstəkləyir. Nüşabə Sadıxlı və bir neçə qadın fəal Arif Hacılının başqan olmasını istəyir. Nə qədər "demokratik seçki mühiti" adı versələr də, hazırda partiyada parçalanma ovqatı var və adaylara münasibətdə tərəflər ikiyə ayrılıb. Heç bir tərəf güzəştə meylli görünmür. İsa Qəmbərin Qubad İbadoğluna meylli olduğunu nəzərə alsaq, vəziyyət bir az da tündləşir. Təxminən belə bir mənzərə var: Elita Qubad İbadoğlundan yanadır, aşağılar isə Arif Hacılını istəyir. Ancaq bir iş var ki, elita aşağıların fikrini dəyişə bilər. Bu nöqteyi nəzərdən Arif Hacılının mövqeyi zəif kimi görünür. Amma məsələnin ən mürəkkəb tərəfi də odur ki, Arif Hacılı və tərəfdarları güzəştsiz görünürlər. Başqanlıq başqasına keçsə Arif Hacılı və tərəfdarları Müsavatı tərk edə bilərlər. Düzdür, təbliğat ruporları İsa Qəmbərə yaxın adamların əlində olsa da, Hacılı müəyyən qədər ajiotaj yarada bilər. Müsavat qurultayında parçalanmadan qaçmağın tək yolu başqa model tapmaqdır. Arif Hacılı Qubad İbadoğlunun başqanlığını qəbul etməyəcək. Arif Hacılını və tərəfdarlarını partiyada saxlamağın tək yolu həmsədrlik institutunun yaradılmasıdır. Ola bilər ki, qurultayda Qubad İbadoğlu başqan seçilə, Arif Hacılı da partiyadan istefa verməyə. Amma bu durum uzun sürməyəcək. Qurultayda olmasa da gec-tez Müsavat belə bir qərar vermək zorunda qalacaq. Xatırladaq ki, İsa Qəmbərin qardaşı Rövşən Qəmbər də təxminən buna bənzər bir fikir irəli sürmüşdü. Qeyd etmişdi ki, İsa Qəmbərdən sonra yaranacaq boşluğu yalnız kollegial idarəetmə ilə doldurmaq olar. İndiki halda həmsədrlik institutunun yaradılması daha real və məntiqli olardı. Müsavat rəhbərliyi "gedən getsin, qalan qalsın" prinsipi ilə hərəkət edəcəksə, o zaman adaylardan biri başqan olacaq, uduzan isə qapını çırpıb gedəcək.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00