Cəbhəyanı zonalarla bağlı xüsusi dövlət proqramı işlənəcək
Zahid Oruc: “Cəbhə bölgəsində yaşayan insanların sosial müdafiəsi daha da gücləndirilməlidir”
26 Sentyabr 2014 15:26 SiyasətBu günlərdə prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncam imzaladı. Sözügedən sərəncamda ölkədə müdafiə və təhlükəsizlik məsələlərinə daha ciddi diqqət ayrılması üçün bir sıra acib məqamlar əksini tapdı. Elə Milli Məclisin Müdafiə və Təhlükəsizlik Məsələləri Komitəsinin üzvü, millət vəkili Zahid Oruc da bu qənaətdədir. O, bildirib ki, dövlət başçısının imzaladığı sərəncam mühüm vəzifələri nəzərdə tutur. Zahid Orucun sözlərinə görə, sənədin ən başlıca əhəmiyyəti cəbhəyanı zonaların digər ərazi vahidlərindən fərqləndirilməsidir: "Əminəm ki, bu, təkcə təhlükəsizlik mənasında qəbul edilməyəcək, onun gələcək dövrdə sosial-iqtisadi tədbirlərlə də zənginləşməsi davam edəcək. Bu qərarın davamı olaraq ümid edirəm ki, gələcəkdə cəbhəyanı zonalarla bağlı xüsusi dövlət proqramı işlənəcək. Hesab edirəm ki, bütövlükdə sərəncamın məqsədi Azərbaycanda müdafiə tədbirlərinin möhkəmləndirilməsindən ibarətdir. Ümumiyyətlə, sərəncam bir sıra istiqamətlərdə məsələlərin həllini nəzərdə tutur. Düşünürəm ki, gələcəkdə hökumət bu əraziləri xüsusi bir statusda müəyyən edəcək. Fikrimcə, cəbhə bölgəsində yaşayan insanların sosial müdafiəsi daha da gücləndirilməlidir. Patrul xidmətinin yaradılması çox düşünülmüş addımdır. Cəbhəyanı zonada könüllülərdən ibarət patrul dəstələrinin mülki əhalidən təşkil olunması əhəmiyyətli tədbir olacaq. Bilirsiniz ki, avqustun əvvəlində cəbhə xəttində məlum təxribatdan sonra dövlətə, Silahlı Qüvvələrimizə öz yardımını təklif edən çoxlu insanlarımız var. Buna paralel olaraq müxtəlif dezinformasiyalar da yayıldı. Ona görə də, bu məsələdə zəruri tədbirlərin görülməsi olduqca aktualdır. Mən şübhə etmirəm ki, patrul dəstələrinə könüllü olaraq keçmiş Qarabağ döyüşçüləri, hüquq mühafizə, təhlükəsizlik sistemində çalışmış insanlar qoşulacaqlar. Çünki onlar cəbhəyanı zonanın əhəmiyyətini daha yaxşı anlayırlar. Bu, həmçinin, hərbi strukturlarla yaxşı əməkdaşlığa malik olmaq demək olardı". Millət vəkili deyib ki, sərəncamdan irəli gələrək bir sıra qanunlara dəyişikliklərin edilməsi zəruridir: "Eləcə də "Hərbi vəziyyət haqqında" qanun müasir çağırışlara uyğunlaşdırılmalıdır. Çünki proseslər göstərir ki, müharibənin başlaması istisna deyil. Cəbhə xəttindəki son gərginlik bunu bir daha təsdiqlədi. Diqqət yetirək, cəbhənin bir istiqamətində lokal toqquşma baş verdi, bu hadisə cəmiyyətdə dərhal reaksiya doğurdu. Eyni zamanda, dövlətimiz öz müdafiə qabiliyyətinin daha da gücləndirilməsi ilə bağlı addımlar atır. Ehtiyatda olan insanlar hərbi toplantılara çağırılırlar, hərbi təlimlər keçirilir və s. Bütün bunlar ona görə edilir ki, torpaqlarımızın hərbi yolla azad olunması gündəmə gələrsə, buna tam hazır vəziyyətdə olaq. Bir ərazidə hərbi vəziyyətin elan olunması heç bir halda respublika üzrə hərbi vəziyyətə hazırlıq kimi dəyərləndirilə bilməz. Ən önəmli məsələ hərbi vəziyyətin konkret ərazilər üzrə tətbiq olunmasıdır ki, bu da müəyyən məhdudlaşdırıcı normaların işə düşməsi deməkdir. Praktikadan bilirik ki, hərbi hissələri ziyarət etmək, valideynlərin öz övladlarını yoluxması əsgərlərlə təmaslar indiki şəraitdə adi görünür. Amma hərbi əməliyyatlar zamanı bu çox önəmli məsələyə çevrilir. Çünki düşmənlə təmas xəttində məhz onlardır". Zahid Oruc bildirib ki, ölkə mediasında cəbhəyanı zonalarla bağlı dəqiq məlumatların verilməsi də ciddi məsələdir və dövlət başçısının sərəncamında bu məsələyə də xüsusi yer verilir: "Bildiyiniz kimi çap və elektron medianın üzərinə düşən vəzifələrlə bağlı Mətbuat Şurasına və müvafiq dövlət strukturlarına tövsiyələr verilib. Düşünürəm ki, ən mürəkkəb məsələ bu istiqamətdədir. Çünki bu gün internet resurslarında fəaliyyət aparmaq, informasiya məkanında yer tutmaq asan olsa da, bu məkanda dövlətin maraqlarına zidd fəaliyyət göstərənləri məsuliyyətə cəlb etmək bir qədər çətindir. Bu sahədə elə bir zəncirvari reaksiya baş verir ki, xüsusi xidmət orqanları vasitəsilə onu aşkarlamaq, həmin təxribatçı insanları məsuliyyətə cəlb etmək o qədər də asan məsələ deyil. Çünki Kanadada yerləşib, Almaniyada qeydiyyatdan keçib anti azərbaycançı fəaliyyəti göstərmək mümkündür. Bunu aşkarlayıb məsuliyyətə cəlb etmək üçün olduqca mürəkkəbdir. Həqiqət budur ki, sosial şəbəkələrdə bu prosesi tənzimləmək çətindir. Ümumiyyətlə, yalnış məlumatların çap və elektron mediada, eləcə də sosial şəbəkələrdə yayılmasının qarşısını almaq üçün təbliğat işləri də güclü amildir. Ona görə də, sərəncamda bu məsələnin aktuallığı vurğulanır".
Süleyman İsmayılbəyli