Müxalifət mübarizə meydanını tərk edir?

Artıq 20 ildən çoxdur ki, ölkədə keçirilən hər seçkidə acı məğlubiyyətlə üzləşən müxalifət düşərgəsi tədricən seçki proseslərinə qatılmağa da maraqsız görünür. Bunun əyani sübutu kimi müxalifət partiyalarının böyük əksəriyyətinin bələdiyyə seçkilərində iştirak edib-etməməsi barədə hələ də müəyyən qərar verməməsidir. Baxmayaraq ki, seçkilərə cəmi bir neçə ay qalıb, lakin müxalif partiyaların əksəriyyəti hələ də qərarsız görünür. Siyasi partiyaların seçkilərdə iştirak etməməsi, mübarizə meydanından çəkilməsi istər-istəməz onların elektoratına da təsir edir və hər ötən seçkidən sonra bu partiyalarda kütləvi şəkildə istefalar müşahidə edilir. Bu isə öz növbəsində müxalifətin tədricən sıradan çıxmasını sürətləndirir. Bəs görəsən sözügedən düşərgədə təmsil olunan partiyalar bu barədə nə düşünür və doğurdanmı bir müddət sonra müxalifət tamamilə sıradan çıxacaq. Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə,   müxalifət partiyaları, ümumlikdə isə siyasi institutların sıradan çıxarması o halda baş verir ki, siyasi sistemlərdə bu fəaliyyətə imkan tanınmır və şərait yaradılmır: "Daim basqılar, iqtidar mənsubunun hakimiyyət qollarına total nəzarəti və demokratik təsisatlara qadağalar qoyulsun. Azərbaycanda partiyaların fəaliyyətinə qadağalar qoyulmasa da, ancaq bir sıra ayrı-seçkiliklər, insan hüquq və azadlıqlarını özündə ehtiva edən vacib elementlərin tətbiqində, seçki sisteminə yanaşmada, problemlər qalmaqdadır. Söhbət ondan gedir ki, dövlətin idarə edilməsində və hökumətin təşkilində, eləcə də, qanunverici hakimiyyətin formalaşmasında qüsurların mövcudluğu təkcə müxalifətin deyil, ümumilikdə siyasi institutların təsirini azaldıb və sizin dediyiniz kimi sıradan çıxma təhlükəsi ilə qarşı-qarşıya qoyub". Əli Oruclu deyir ki, rəqabət inkişaf və dinamika deməkdir: "Lakin istər partiyadaxili, istər partiyalararası, yaxud düşərgələrarası rəqabətdə və mübarizədə müəyyən normalar, qaydalar davranış və etik çərçivələr gözlənilməsə bu artıq rəqabət sayılmaz. Nə yazıqlar ki, bu kimi mənfi tendensiyalar aktuallığını saxlayır. Zaman-zaman da üst-üstə yığılaraq həm qarşılıqlı inamsızlıq, həm psixoloji baryer yaradır, həm də patoloji nifrətədək inkişaf edir". AMİP rəsmisinin sözlərinə görə, mübarizdə birgə yol getməyə məcbur olan insanların isə diqqəti hər dəfə kürəyinə yönəlir ki, müttəfiq hesab etdiyi kəs ona arxadan zərbə endirəcəyindən duyuq düşsün: "Ümumilikdə müxalifətin sıradan çıxması həm dövlətçiliyimiz, həm də cəmiyyət üçün təhlükədir. Çoxpartiyalı siyasi sistem həmin dövlətin inkişafı və dayanıqlığı deməkdir. Ona görə də iqtidarın özü maraqlı olmalıdır ki, müxalifət güclü olsun, müxalifət cəmiyyətimizin və siyasi sistemin ayrılmaz tərkib hissəsinə çevrilərsə və özünə möhkəm yer tutarsa, dövlətimizin inkişafına, daimiliyinə, sabitliyinə, beynəlxalq aləmdə hörmətinə, nüfuzuna, xalqımızın maraqlarına, problemlərimizin həllinə də böyük töhvə vermiş olardı. Bu baxımdan da mən istərdim ki, müxalifətin özü də baxışlarını, nəfəsini, mübarizəyə fəlsəfi baxışlarını da təkmilləşdirsin. Bu hal 2015-ci ildə gedən siyasi proseslərə də, alınan nəticələrə də təsirsiz ötüşməz". Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov da hesab edir ki, müxalifətin sıradan çıxmasından danışmaq tezdir: "Ümumiyyətlə, bu düzgün yanaşma deyil. Hər bir demokratik, sivil ölkədə və cəmiyyətdə müxalifət olmalıdır. Hər hansı bir partiyanın bu və ya digər seçkiyə qatılmaması da o demək deyil ki, həmin partiya və ya düşərgə sıradan çıxır, mübarizə meydanını tərk edir. Düzdür, partiyalarda müəyyən istefalar ola bilər və bu normal qarşılanmalıdır. Ancaq seçkidə iştirak etməməyin müxalifətin sıradan çıxmasına gətirib çıxaracağı doğru deyil". Həsrət Rüstəmov onu da bildirib ki, təmsil etdiyi Azərbaycan Demokrat Partiyası bu il ölkədə keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək niyyətindədir: "Həmçinin gələn il keçiriləcək parlament seçkilərində iştirakı da düşünürük"


S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00