Müxalifətdə qütbləşmə dərinləşəcək

Müsavat AXCP-ni üstələyə bilər

ADP qərargahında bir qrup müxalifət partiyasının keçirdiyi toplantı Milli Şurada qısqanclıqla qarşılanıb. AXCP fəalları və Əli Kərimlinin mediadakı, sosial şəbəkələrdəki yandaşları Müsavatı aşağılamağa çalışırlar. Qeyd edək ki, toplantı ADP qərargahında keçirilib. Demokratiyanın mövcud durumu və perspektivləri mövzusunda keçirilmiş müzakirələrə Müsavatla yanaşı, KXCP, ADP, Ümid, AVİP sədrləri də qatılıblar. AXCP yandaşları hesab edirlər ki, Müsavat başqanı bu şəxslərlə bir toplantıda olmamalı imiş. Əli Kərimli tərəfdarı kimi tanınan jurnalist Xədicə İsmayıl facebook sosial şəbəkəsində İsa Qəmbərin Əhməd Oruc, Əli Əliyevlə şəklini paylaşaraq yazıb ki, "dostunu göstər, görüm kimsən". Əli Kərimlinin dostu bu faktı elə təqdim edib ki, sanki bu adamlar bir zamanlar AXCP sədrinin müttəfiqi olmayıblar.  Əli Əliyev "Azadlıq" blokunda AXCP-nin müttəfiqi idi. Əhməd Orucun Azadlıq Partiyası Demkonqresdə uzun illər Əli Kərimli ilə yanaşı oturub. AXCP-ni qıcıqlandıran daha çox odur ki, birdən bu toplantı "əsas müxalifətin toplantısı" kimi qəbul olunar, seçki dönəmində Müsavat ana müxalifətə çevrilər və prosesin sonunda İsa Qəmbər mandat alaraq parlamentə daxil olar. Əslində isə ortada nə ana müxalifət perspektivi, nə də mandat müjdəsi yoxdu. Müsavat müxalifət düşərgəsində yerini möhkəmləndirməyə çalışır, o biri partiyalar isə mövcudluqlarını sərgiləmək istəyirlər. AXCP tərəfi nə qədər qara piar aparsa da, aşağılamağa çalışsa da, son toplantı müxalifətin qütbləşdiyini göstərdi. Nə qədər danmağa çalışsalar da, bu gün müxalifətdə Müsavat faktoru var. Bu partiyanın sıralarında yüzlərlə mübarizə adamı var ki, cəbhəçilərdən heç nədə geri qalmırlar. İkitirəlik Müsavatın Milli Şuradan çıxması ilə başlansa da, proseslər göstərir ki, Müsavat doğru addım atıbmış. Çünki demək olar ki, bütün müxalifəti birləşdirsə də, Milli Şura seçkilərdə ciddi nəticələrə nail ola bilmədi. Şuranın vahid namizədi daha çox AXCP meylli siyasət yürütdü, qurumu tamamilə gözdən saldı. MŞ və onun  hazırkı sədrinin "nüfuzunu" bu günlərdə ABŞ səfirliyində keçirilən görüş də təsdiq etmiş oldu. Məsələ burasındadır ki, hətta "Azadlıq" radiosunun müxbirlərinin də çağrıldığı toplantıya Cəmil Həsənli dəvət olunmamışdı. Hazırkı qütbləşmə müxalifətə nə verəcək? AXCP Müsavat və ətrafındakı partiyaları dışlaya biləcəkmi? Siyasi analitiklərin firkincə, AXCP daha radikal görsənsə də, ictimai rəydə Müsavatı üstələyə bilməyəcək. Çünki Müsavat və İsa Qəmbərin mediada, sosial şəbəkələrdə tərəfdarları çoxdur.  Müsavat qurultayında yeni başqan seçilərsə və düzgün təqdimat olarsa, partiya müəyyən avantaj da əldə edə bilər. Yeni başqan yeni mesajlar, yeni platforma ilə çıxış edə bilsə, radikal, qisasçı keçmişdən uzaqlaşmağı bacarsa, hər şey başqa cür ola bilər. Müsavatın ətrafında daha çox partiya, daha çox müstəqil var. İsa Qəmbər-Pənah Hüseyn-Arif Hacılı üçlüyü doğru siyasət apararlarsa, nüfuz savaşında AXCP-ni üstələyə də bilərlər.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00