Arif Hacılı başqan, İsa Qəmbər DİHM sədri olacaq
Pənah Hüseyn İsa Qəmbər üçün yeni “iş yeri” açıb
17 Sentyabr 2014 16:40 SiyasətBir neçə partiyanın yaratdığı Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi Müsavatın 2015-ci ilə hesablanmış yeni siyasi bloku kimi nəzərdən keçirilirdi. Ancaq siyasi ekspetlər bu qurumun başqa məqsədlər güddüyünü də bildirirlər. Bu günlərdə siyasi icmalçı Zaur İbrahimli bildirib ki, Pənah Hüseynin təşəbbüsü ilə yaradılmış Demokratiya və İnsan Haqları Mərkəzi İsa Qəmbər üçün "B" planıdır. Siyasi icmalçının versiyası daha ağlabatandır. Düzdür, qurumda digər partiyalar da var. Məsələn, KXCP, ADP, Ümid və digər xırda partiyalar. Onların DİHM-ə gəlməkdən başqa yolları yoxdur. Çünki AXCP Milli Şuranı əsas müxalifət elan edib, onları müxalifətdən kənarda saxlayıb. Yaşam mübarizəsi aparan, siyasi səhnədə duruş gətirməyə çalışan bu partiyaların Müsavata sığınmaqdan başqa yolları yoxdur. Deməli, DİHM ancaq Müsavat üçün yaradılıb. Bu qurum 2015-ci il parlament seçkilərində seçki blokuna da çevrilə bilər. Bu nöqteyi-nəzərdən DİHM Müsavatın marağında olan qurumdur. DİHM-in başqa bir missiyası daha var. Bəllidir ki, Müsavatın bir neçə gündən sonra keçiriləcək qurultayında başqan dəyişəcək. İsa Qəmbəri Müsavat başqanı postunda başqası (böyük ehtimalla, Arif Hacılı) əvəzləyəcək. 57 yaşlı İsa Qəmbər siyasətdən gedəsi deyil. 26 ildir siyasətlə məşğul olan başqanın başqa sənəti də yoxdur. 57 yaş siyasətçi üçün o qədər də yaşlı sayılmaz. Əksinə, siyasətçi üçün tam yetkinlik dövrüdür. "Dərin Müsavat" da (bu dairədə Pənah Hüseyn də var) onun siyasətdən uzaqlaşmasına razı olmayacaq. Böyük ehtimalla, DİHM elə İsa Qəmbər üçün yaradılıb. Quruma daxil olan partiyaların da razılığı ilə yəqin ki, İsa Qəmbər DİHM-in sədri seçiləcək. Qeyd edək ki, artıq ölkə siyasətində belə bir presedent var. AXCP-nin liderliyində fəaliyyət göstərən Milli Şuranın sədri bitərəf Cəmil Həsənlidir. Hesab edilir ki, Pənah Hüseynin təşəbbüsü ilə yaradılmış DİHM elə İsa Qəmbər üçün iş yeri kimi yaradılır. Bu quruma sədr olmaq üçün İsa Qəmbərin Müsavatdan istefa verməsi də mümkündür. Qəfil plan dəyişikliyi olmazsa, proses elə bu cür də gedəcək. Arif Hacılı Müsavat başqanı, İsa Qəmbər DİHM sədri olacaq. Başqan seçimlərində Arif Hacılıya uduzmuş şəxslər də DİHM-də İsa Qəmbərin icra aparatında təmsil olunacaqlar. Yada salaq ki, Milli Şuranın icra aparatında bir neçə partiya üzvü olmayan siyasi fəal var. Bu arada Müsavat başqanlığına adayların da razılığa gəlməsi ilə bağlı xəbər yayılıb. Qeyd olunur ki, adaylar razılığa gəlib ki, kim uduzsa, partiyanı tərk etməyəcək, seçilmiş başqana yardım edəcəklər. Əgər bu məlumat doğrudursa, demək Pənah Hüseynin planı keçərli olub. Sabiq baş nazir bu dəfə də dostu İsa Qəmbər üçün uyğun variant tapılıb. Buna qədər İsa Qəmbər ətrafında yaradılan Demkonqres, "Bizim Azərbaycan" blokları Pənah bəyin təşəbbüsü idi. Pənah Hüseyn və hətta İsa Qəmbər özü də bilir ki, Nizamnaməni dəyişib başqanlıqda qalsa, heç nə qazanmayacaq. Əksinə, partiya tamamən dağıla, müxalifətdə yerini itirə bilər. İsa Qəmbər üçün yüksək post qazanmaq, mandat əldə etmək də asan deyil. O halda yeganə yol partiyalarüstü bir qurum yaradıb İsa Qəmbəri onun başına gətirməkdi. Mandat yada düşmüşkən, DİHM-in bir məqsədi də elə İsa Qəmbərə 2015-ci il seçkilərində mandat qazandırmaq ola bilər.
Zaur Sultanbud