“Rusiya Ukrayna məsələsindən xeyli geri çəkildi” - RƏY
Qabil Hüseynli: “Ukraynada vəziyyət sabitləşəndən sonra Krım məsələsi gündəmə gətiriləcək”
18 Aprel 2014 16:37 SiyasətPolitoloq Qabil Hüseynli Avropa İttifaqı, ABŞ və Rusiya arasında əldə olnunmuş "Ukrayna razılaşması"na münasibət bildirib. Qeyd edək ki, Cenevrədə əldə edilmiş razılaşmada Rusiya tərəfindən işğal edilmiş Krıma dair heç bir müddəa əksini tapmayıb. Q.Hüseynli Cenevrə bəyanatının ABŞ-ın Krımın işğalı ilə razılaşması kimi qəbul etmədiyini bildirib. Politoloq hesab edir ki, Amerika heç vaxt Rusiyanın Krımı işğal etməsilə razılaşmayacaq. Qabil Hüseynli qeyd edib ki, Cenevrədə əslində Ukraynanın Şərq regionlarına dair razılığa gəlinib. Rusiyanın Cenevrə toplantısında xeyli geri çəkildiyini deyən Q.Hüseynlinin sözlərinə görə, əgər Rusiya bundan əvvəl Ukraynanın federallaşmasını istəyirdisə, indi bu qərarından daşınıb: "Məsələ ilə əlaqədar rəsmi Moskva üzərinə öhdəlik də götürüb. Rusiya yalnız Krım məsələsində aparılan danışıqlara müqavimət göstərir. Qərb isə Rusiyanı neytrallaşdırmaq, Ukraynada vəziyyəti stabilləşdirmək və yaranmış hakimiyyət boşluğunu aradan qaldırmaq istəyir. Qərb prezident seçkisinin keçirilməsinə də şərait yaradır. Əgər Rusiya Cenevrə razılaşmasının şərtlərini yerinə yetirsə, o zaman Ukraynada vəziyyətin normala düşməsi üçün lazım olan tədbirləri həyata keçirmək mümkün olacaq. Ukraynada vəziyyət stabilləşəndən sonra Krım məsələsi gündəmə gətiriləcək. İndiki məqamda Krım Qərb dövlətlərinin gündəmində duran əsas məsələrdəndir". ("OLAYLAR" İA)