“Qətərdən çəkiləcək qaz kəməri Azərbaycandan keçəcək” - AÇIQLAMA
Ərəstun Oruclu: “Bütün bunların da başlıca səbəbi iki körfəz ölkəsinin öz qaz ehtiyatlarını Suriya vasitəsilə Avropaya nəql etmək istəyi idi”
18 Aprel 2014 15:56 Siyasət"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəston Oruclu region və dünyada baş verən proseslərə münasibət bildirib. Ə.Oruclu Səudiyyə kəşfiyyatının şefi Bəndər Bin Sultanın istefaya göndərilməsinin Əsəd rejiminin Suriyaya nəzarəti gücləndirdiyi vaxta təsadüf etdiyini qeyd edib. Politoloq hesab edir ki, Qərb və ilk növbədə ABŞ beyin mərkəzlərinin fikrincə, bin Sultan "əl-Qaidə"nin və ona yaxın terrorçu qrupların Suriyaya cəlb edilməsinin əsas təşəbbüskarlarından idi. Ərəstun Oruclunun sözlərinə görə, ehtimal etmək olar ki, Suriya mövzusu qapadıldı: "Yarım milyona yaxın vətəndaşını itirmiş, milyonlarla sakini qaçqına çevrilmiş və özü də dağıdılmış ölkəyə indi özünə gəlmək üçün azı 20-30 il lazım olacaq. Üstəlik bu qatil Əsəd rejimi ilə baş verməlidir. Bütün bunların da başlıca səbəbi iki körfəz ölkəsinin öz qaz ehtiyatlarını Suriya vasitəsilə Avropaya nəql etmək istəyi idi ki, Rusiya da öz növbəsində buna müqavimət göstərirdi. Sual doğur ki, bəs qaz məsələsi necə olacaq indi? Maraqlı sualdır və istisna olunmur ki, indi biz tamamilə yeni bir qaz kəməri layihəsinin şahidi ola bilərik. Qətərdən və Səudiyyə Ərəbistanından qaz Fars körfəzi vasitəsilə İrana, oradan da Xəzərin dibi ilə Azərbaycana keçə bilər. Bir növ TANAP-ın daha geniş variantı. Türkmənistan və İran qazının da buraya qoşulması tam olmasa da Avropaya verilən Rusiya qazına alternativ təşkil edə bilər. Yeri gəlmişkən, yaxın zamanlarda İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri gözlənilir ki, səfər zamanı Xəzərin statusu ilə bağlı memorandumun imzalanacağı da istisna olunmur. Nəhayət, Ukraynaya dair Cenevrə anlaşması ilə eyni gündə Avropa Parlamenti Avropaya rus qazını nəql edəcəyi nəzərdə tutulan "Cənub axınının" dayandırılması ilə bağlı qərar qəbul etdi. Əlbəttə bunların hamısı bizim ehtimallarımızdır, amma kim bilir?! Dünya bu gün çox sürətlə dəyişir". ("OLAYLAR" İA)