Millət vəkili: “Ermənistana ciddi sanksiyalar tətbiq edilməlidir” - FİKİR
18 Aprel 2014 14:31 Siyasət"Bu gün Ukrayna və Krım böhranı dünya birliyinin ən öndə duran məsələlərindəndir. İndi bir sıra Qərb dövlətləri Rusiyanın Ukrayna siyasətinə görə bu ölkəyə müəyyən sanksiyalar tətbiq edirlər". Bunu deyən millət vəkili Zahid Orucun sözlərinə görə, dünya birliyi Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasət barəsində heç bir addım atmayıb: "Hazırda BMT və Avropa Birliyi Krım və Ukrayna böhranı ilə çox yaxından maraqlanır. Böhran yarandığı dövrdən etibarən Vladimir Putin və Barak Obama 8 dəfə telefon əlaqəsi saxlayaraq bu məsələni müzakirə ediblər. Ancaq Putin Qarabağ məsələsinə görə bir dəfə də olsun Obamaya telefon açmayıb. Ona görəmi ki, Azərbaycanın əhəmiyyəti Ukraynadan geri qalır, ona görəmi ki, Qarabağ Krımdan geri qalır? Bu məsələlər heç də sadaladığım kimi deyil. Ancaq Ermənistanın siyasəti Qərb modelləri üzərində qurulub. Ona görə də Avropa dövlətləri Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir. Avropa Birliyi Qarabağ məsələsini bir daha müzakirə etməli və bu problemi yaratdığına görə Ermənistana ciddi sanksiyalar tətbiq etməlidir".