Əli Həsənov: “Bu gündən biz YAP-ın partiyalararası əlaqələr üzrə gələcək siyasətinin müəyyən olunmasına başlayırıq”

"Bu gün biz faktiki olaraq Yeni Azərbaycan Partiyasının partiyalararası əlaqələr üzrə gələcək siyasətinin müəyyən olunması, bu sahədə görüləcək işlərin ümumi konseptual yanaşmasını və digər əsasların müzakirə olunmasını başlayırıq". AZADİNFORM xəbər verir ki, bunu YAP-ın Partiyalararası əlaqələr və dialoq komissiyasının bu gün keçirilən toplantısında qurumun sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, faktiki olaraq ilk dəfədir ki, komissiya çərçivəsində Azərbaycan parlamentində təmsil olunan digər siyasi partiyaların sədrlərinin və nümayəndələrinin iştirakı ilə hakim partiyanın partiyalararası əlaqələr üzrə komissiyasının iclasını keçiririk: "YAP öz gücünə, nüfuzuna, üzvlərinin sayına, partiyanın əsas rəhbər heyətinin hakimiyyətdə təmsil olunmasına, partiya sədrinin ölkə prezidenti olmasına və digər əlamətlərinə görə Azərbaycan cəmiyyətini idarə edən əsas aparıcı qüvvədir. Ona görə də bu partiyanın bütün ali orqanlarının toplantıları istər-istəməz cəmiyyətə təsir göstərir. Azərbaycan cəmiyyətinin səfərbər olmasında, yönəldilməsində, cəmiyyətdəki ayrı - ayrı qrup insanlar, sosial və siyasi strukturlar arasındakı münasibətləri nizama salınmasında bu özünü göstərir. Ona görə düşünürəm ki, bu günkü komissiyanın iclası da müəyyən məsələlər üzrə xoş mesajlar verəcək və biz gələcəkdə bütövlükdə cəmiyyətdə partiyalararası münasibətin vahid strategiyasını müəyyən edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00