Çexiya –Azərbaycan əlaqələri inkişaf edir

Milli Məclisin Sədri Oqtay Əsədov Çexiya Parlamenti Senatının Avropa İttifaqı məsələləri Komitəsinin üzvlərini qəbul edib. O.Əsədov  parlamentlərarası münasibətlərin iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşməsində əhəmiyyətli rol oynadığına diqqət çəkərək, deputatların qarşılıqlı səfərlərini, hər iki ölkə parlamentində dostluq qruplarının mövcudluğunu yüksək dəyərləndirib. Söhbətdə bildirildi ki, öz iqtisadi inkişafına görə bu gün Cənubi Qafqazda liderliyini saxlayan Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Ancaq bölgədə mövcud olan Dağlıq Qarabağ münaqişəsi nəinki regionun tərəqqisinə, habelə Avropa ilə əməkdaşlığın daha da dərinləşməsinə böyük maneçilik törədir. Sədr Çexiya parlamentində Xocalı faciəsinin soyqırım kimi tanınması ilə əlaqədar komitə üzvlərinə, Çexiya parlamentinin deputatlarına öz dərin təşəkkürünü bildirib. Qeyd edib ki, Çexiya Avropa İttifaqı ölkələri arasında ilk dövlətdir ki, Xocalı soyqırımını tanımışdır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Çexiya Parlamenti Senatının Avropa İttifaqı məsələləri Komitəsinin sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Miroslav Kreyça dövlətlərarası münasibətlər sistemində parlamentlərin əhəmiyyətli rol oynadığını qeyd edərək, deputatlarımızın beynəlxalq tədbirlərdəki mütəmadi görüşlərini, onları maraqlandıran məsələlər ətrafında aparılan informasiya mübadiləsini əhəmiyyətli hesab edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00