Kristofer Joys: “Münaqişənin həlli istiqamətində icmalar arası görüşün təşkil olunması çox vacibdir”
11 Mart 2014 17:12 SiyasətAzərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Böyük Britaniyanın Xarici məsələlər ofisinin Cənubi Qafqazda münaqişələr üzrə müşaviri Dr. Kristofer Joys, bu ölkənin Azərbaycandakı səfiri İrfan Siddiq ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, İcmanın idarə heyətinin üzvləri, millət vəkilləri Elman Məmmədov, Rövşən Rzayev, İcmanın Əlaqələndirmə şurasının sədri Orxan Əkbərov və İcmanın əməkdaşlarının iştirakı ilə görüş keçirilib. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, görüşdə Bayram Səfərov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyəti haqqında geniş məlumat verib. O bildirib ki, münaqişənin həlli istiqamətində qətiyyətli olmalı olan beynəlxalq təşkilatlar hələ də ikili standartlara yol verirlər. Həmçinin Bayram Səfərov deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır və biz bu istiqamətdə həm Aİ-dan, həm böyük dövlətlərdən, eləcə də Böyük Britaniyadan, həmçinin bu məsələ ilə məşğul olan digər qurumlardan qətiyyətli mövqe gözləyirik. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq isə öz növbəsində bildirib ki, 22 ildən artıq bir zaman ərzində Dağlıq Qarabağ və ətraf rayonlardan olan qaçqın və məcburi köçkün insanların öz doğma torpaqlarına gedə bilməməsi böyük ədalətsizlikdir. Səfir həmçinin qeyd edib ki, münaqişənin həllində əsas prinsiplər kimi münaqişənin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mütləq şərtlərdəndir. Müşavir Dr. Kristofer Joys isə öz növbəsində qeyd edib ki, münaqişənin həlli istiqamətində icmalar arası görüşün təşkil olunması çox vacibdir.