Düşüncə Mərkəzi nədir?
Zahid Oruc : “Deməli, Milli Şura və digərləri qeyri-düşüncə mərkəzi imiş”
11 Mart 2014 16:22 Siyasət"Müxalifətin radikal qanadı hazırda çox durğun bir dövr yaşayır". Bunu deyən millət vəkili Zahid Oruc müxalifətin yaratdığı Düşüncə Mərkəzi ilə bağlı fikirlərini bildirərkən dilə gətirib: "Obrazlı şəkildə deyilir ki, Brejnev qatarın getməməsi barədə belə danışır - bizim gərəkən vaqonlarımız yoxdur, yolları çəkməmişik, heç relslər də yerində deyil, siz pərdələri tərpədin ki, qatarın getdiyi mənzərəsi yaransın. İndi belə vəziyyət bizim müxalif cinahda yaşanır. Adamdan soruşarlar ki, İctimai Palata adı nə qədər devalvasiyaya uğradı ki, siz bundan da imtina etdiniz?" Millət vəkili həmçinin qeyd ebdi ki, hər hansı birliyin yaranması üçün mütləq şəkildə siyasi ideya olmalıdır: "Tutarlı arqumentlər olur, komanda qurulur, cəmiyyətin müxtəlif dairələri quruma cəlb edilir. Daha sonra isə hakimiyyətin kursuna alternativ proqramlar təqdim olunur və dövləti idarə etmək uğrunda mübarizə aparılır. Tutaq ki, iqtidar bunlara müəyyən təzyiqlər göstərir, imkanlarını müəyyən qədər məhdudlaşdırır. Bəs onların özünün klub kimi normal, stabil bir əsasda birləşmələrinə kim mane olur? Milli Şuranın xarici ssenari əsasında ortaya gətirildiyi hamıya məlum oldu. Sonda da bu qurumu özləri dağıtdılar. İndi yenisini qurmaqla nəyəsə ümid edirlər? Heç olmasa, yaratdıqlarına cazibədar siyasi ad seçərdilər. Düşüncə Mərkəzi nədir? Deməli, Milli Şura və digərləri qeyri-düşüncə mərkəzi imiş. Onu da deyim ki, digər bir ad seçmiş olsaydılar belə, yenə də ciddi, siyasi dəyişiklik müşahidə edəcəyimizə inanmazdım. Bu qurumun Azərbaycan cəmiyyətinə, onun siyasi sisteminə heç bir təsiri olası deyil".