Müsavat Partiyası öz Nizamnaməsini pozur
Aydın Mirzəzadə: “Dörd ildir ki, məqsədyönlü şəkildə qurultay keçirilmir və İsa Qəmbər başqan postunda qalır”
11 Mart 2014 15:32 SiyasətMüsavat Partiyası başqanının yenilənməsi siyasi arenada müzakirə predmetinə çevrilib. Buna səbəb sözügüdən partiyanın başqan postu uğrunda gedən leqal və ya qeyri-leqal mübarizə görüntüləridir. İndi əsas müzakirə predmeti başqan postuna kimin gələ biləcəyi ilə bağlıdır. Müsahibimiz millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadədir.
-Aydın müəllim, son aylar Müsavat Partiyasının gözlənilən qurultayı, xüsusən də, ehtimal olunan başqan dəyişikliyi ilə bağlı partiyadaxili mübarizə kəskinləşməkdədir. Sizcə, Müsavat Partiyası növbəti qurultaydan və yeni başqan seçimindən sonra nələr yaşaya bilər?
-Əvvəla, digərləri ilə müqayisədə Müsavat Partiyası tanınan partiyadır, amma onu Azərbaycanın güclü, eyni zamanda, demokratik siyasi təşkilatı saymaq olmaz. O, daha çox özünün radikal addımları, radikalizmin təbliği, Azərbaycanın bugünkü reallığını qəbul etməməsi ilə tanınır. Bu baxımdan, onu siyasi perspektivli bir təşkilat hesab etmək olmaz. Müsavat daxilində gedən proseslər də ara-sıra cəmiyyətin marağını kəsb edir. Qeyd edim ki, onların özlərinin qəbul etdiyi Nizamnaməyə əsasən partiya rəhbəri- başqan iki seçkidən artıq sədrlikdə qala bilməz. Ancaq əslində özlərinin qəbul etdikləri Nizamnamə kobud surətdə pozularaq, İsa Qəmbər başqan kimi üç dəfə sədrlikdə qalıb. Yəni, dörd ildir ki, məqsədyönlü şəkildə qurultay keçirilmir və İsa Qəmbər başqan postunda qalır.
- Belə məlum olur ki, qurultayın keçirilməsi üçün hakimiyyət, Bakı meriyası tərəfindən müvafiq və münasib yerin ayrılmaması iddası bir bəhanədir?
- Hesab edirəm ki, yer məsələsi bəhanədir və bu yöndəki iddialar da tam əsassızdır. Məqsəd də başqan kimi İsa Qəmbərin daha çox sədrlikdə qalması, öz tərəfdarlarını daha çox orada yerləşdirməsi, belə deyək, partiyada yerini möhkəmləndirməsidir. Başqa bir məqsəd yoxdur. Bununla belə, qeyd edim ki, İsa Qəmbər partiya rəhbərliyində qalsa da, qalmasa da, partiyanın xəttində heç nə dəyişməyəcək. Yenə də həmin azsaylı-demokratik prinsiplərə sayğısızlıq göstərən qrupun "fəaliyyəti" sayəsində Müsavat radikalyönümlü bir təşkilat olaraq qalacaq. Heç təsadüfi deyil ki, vaxtaşırı hətta, özünün tanınmış insanları belə partiyanı tərk edir, Müsavat rəhbərliyi isə onlar haqda danışmaqda maraqlı deyil. Özünün ərazi təşkilatları haqqında, ümumiyyətlə, danışmamağa üstünlük verir. Belə bir təsəvvür yaranır ki, Müsavat Partiyası ancaq onun başqanından, müavinlərindən və Divanından ibarətdir.
-Sizcə, İ.Qəmbər başqanlıq iddiasından əl çəkərsə, onun yerinə iddialı namizədlərdən kim yeni başqan seçilə bilər?
-Mətbuatdan da oxuduğuma görə, bir neçə nəfər başqanlığa öz namizədliyini irəli sürüb. Onların içərisində də rəqabətin əsasən partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı ilə Divan üzvü Qubad İbadoğlu arasında gedəcəyi gözlənilir və mənim gümanıma görə, əgər İsa Qəmbər birinci postdan geri çəkilmək niyyətinə düşərsə, Qubad İbadoğlunun şansı daha yüksəkdir.
- Yeri gəlmişkən belə iddialar var ki, hakimiyyət də Müsavatdaxili mübarizənin kəskinləşməsində və özünə daha loyal şəxsin başqan seçilməsində maraqlıdır...
- Hesab edirəm ki, bunun, bu yöndəki iddiaların da heç bir əsası yoxdur. O baxımdan ki, Müsavat Partiyası bu gün güclü bir təşkilat deyil və eyni zamanda, hakimiyyətyönümlü təşkilat deyil. Həmçinin, hakimiyyət heç bir zaman digər təşkilatların daxili işinə qarışmır və rəhbər seçimi, siyasi xətt seçimi onların özlərindədir. Düşünürəm ki, bu cür versiyaları elə Müsavat Partiyasının öz içindən buraxmağa, yəni, özlərinin əhəmiyyətli, vacib bir qüvvə olduğu haqqında cəmiyyətdə təsəvvür yaratmağa çalışırlar. Kimin, hansı xəttin seçiləcəyi isə onların öz seçimidir. Demokratik dəyərlər, milli dövlətçilik, eyni zamanda, reallıq xəttini götürəcəklərsə, Müsavatın sosial bazası güclənə, tərəfdarların sayı çox ola bilər, yox, əgər əvvəlki xətti götürəcəklərsə, hələ də 1991-93-cü illərin əhval-ruhiyyəsi ilə yaşayacaqlarsa, əlbəttə ki, bunların hər hansı bir perspektivindən danışmağa dəyməz.
- Musavatın Milli Şuradan çıxmasından onun siyasətində, siyasi xəttində yumşalmanın olduğu da bildirilir. Bu baxımdan, hakim partiya Müsavata doğru hansısa addım ata bilərmi?
-Yeni Azərbaycan Partiyası üçün bütün siyasi partiyalar rəqibdir. O cümlədən, kiçik sosial bazası olan Müsavat Partiyası da bizə rəqib partiyadır. Eyni zamanda, qarşıdan həm növbəti bələdiyyə, həm də parlament seçkiləri gəlir və hər biri partiya özünün sosial bazasına, özünün cəmiyyət və seçicilərlə işləmək praktikasına görə sonda öz nəticəsini əldə edəcək. Müsavat Partiyasının Milli Şuraya gəlişi də taktiki bir addım idi. Yəni, 2013-cü il prezident seçkilərini yola vermək, indiki partiya rəhbərliyinin yenidən növbəti 5 ildə partiyanı idarə etməsi istəyindən irəli gəlirdi və iş burasındadır ki, əgər Müsavat Partiyasının namizədi ötən ilki prezident seçkilərində iştirak etsəydi, yenə də uduzacaqdı. Ancaq bu dəfə həm tərəfdarlarına, həm də partiya üzvlərinə seriyalı məğlubiyyətinə görə çox ciddi cavab verməli olacaqdı. Belə də isə əvvəl Rüstəm İbrahimbəyov, sonra Cəmil Həsənli bütün uğursuzluqda ittiham edildilər. Məğlubiyyət yükü onların üzünə qoyularaq, Müsavat Partiyası özünün yaratdığı bloku həmişəki kimi vaxtından əvvəl tərk etdi.
Alim