“Azərbaycanlı millətçilər tatarlara dəstək olmalıdırlar” - AÇIQLAMA
Mübariz Göyüşlü: “Mən bütün millətçi qruplara müraciət edirəm ki, bu məsələyə diqqət yetirək və gərəkən addımlar nədirsə onu bir yerdə ataq”
11 Mart 2014 12:32 Siyasət"Azərbaycanda millətçi qruplar pərakəndə şəkildə fəaliyyət göstərirlər. Onların birliyinin zəif olması, eyni zamanda vahid proqram ətrafında birləşməməsi Krım məsələsində də özünü göstərir" - Müasir İnkişaf İctimai Birliyi İdarə Heyətinin sədri, politoloq Mübariz Göyüşlü "Olaylar"-a açıqlamasında belə deyib. M.Göyüşlü hesab edir ki, millətçilər nə qədər mütəşəkkil və təşkilatlanmış olsalar belə, Azərbaycan daxilində Rusiyaya etiraz aksiyası keçirməkdən, ictimai rəyi yönləndirməkdən və s. bu kimi addımlar atmaqdan başqa bir şey edə bilməzlər: "Çünki qarşıda Rusiya kimi dünyanın böyük dövlətlərindən biri durur. Rusiya ilə Avropa və ABŞ ehtiyatla davranırlarsa, Ukrayna öz ərazi bütövlüyünü qorumaqda çətinlik çəkirsə Azərbaycan xalqı, onun çox kiçik bir faizini təşkil edən millətçilər böyük miqyasda nə edə bilərlər ki? Amma həm daxildə, həm də xaricdə bu prosesləri ciddi şəkildə nəzarətdə saxlayan qruplar üçün, eyni zamanda da tarix baxımından, mənəvi dəstək olaraq Krım tatarları üçün də kiçik olsa da belə dəstək addımları atmaq lazımdır. Mən bütün millətçi qruplara müraciət edirəm ki, bu məsələyə diqqət yetirək və gərəkən addımlar nədirsə onu bir yerdə ataq". ("OLAYLAR" İA)