“Ukrayna xalqının mübarizəsi qələbə ilə başa çatacaq”

AMİP-çilər beynəlxalq tədbirdə iştirak ediblər

AMİP sədri Yusif Bağırzadə və partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev İrlandiyanın paytaxtı Dublində  keçirilən Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyasının ( AXP) Qurultayında iştirak ediblər. Tədbirin ilk günü qurultay çərçivəsində baş tutan "Ukraynadakı böhran və Avropa İttifaqının şərq tərəfdaşlığı siyasəti " mövzusunda dəyirmi masada AMİP sədri Yusif Bağırzadə çıxış edb. Yusf Bağırzadə bu mövzuda dəyirmi masanın keçirilməsini və çox aktual olduğunu deyib. Onun fikrincə, Avropa Birliyinin genişləndirmə siyasəti Avropanın bütün xalqları üçün uğurlu bir model hesab olunmalıdır. AMİP sədri deyib ki, Ukraynada yaranmış vəziyyət Ukrayna xalqının Avropaya inteqrasiyası ilə bağlıdır: "Bu gün Ukraynada şahidi olduğumuz vəziyyət hamını narahat edir. Ölkənin Avropa Birliyi ilə yaxınlaşma istəyinə Rusiya tərəfindən verilən reaksiya təəssüf doğurur. Maraqlı hal ondadır ki, bu mövqe konkret Rusiya hakimiyyətinin mövqeyidir. Əminliklə demək istərdim ki, Rusiya xalqlarının əksəriyyəti isə tamam əksini istəyir". Y,Bağırzadə Rusiya hakimiyyətinin Ukraynanın Avropaya inteqrasiyasını özü üçün təhlükə hesab edir: "Ukraynanın Avropa birliyinə doğru addımlayacağı halda Rusiya özü ilə böyük bir sərhəddi olan, demokratik iqtisadi azadlıqları olan bir dövlətlə qonşu olmaq məcburiyyətində qalacaq. Sonradan bunun Rusiyanın özündə demokratik cəmiyyət uğrunda mübarizə aparan insanlara stimul verəcəyi faktoru da rəsmi Moskvanı narahat edir. Ən başlıcası Ukraynasız Kömrük İttifaqının yaranması o deməkdir ki, bu təşkilatın gələcəyi yoxdur". AMİP sədri deyir ki, Krımda baş verənlər narahatlıq doğurur və Ukraynanın ərazi bütövlüyü dəstəklənməlidir: "Ukraynanın ərazi bütövlüyünün pozulmasına yol verməməlidirlər. Biz belə problemlərin necə yaradıldığının şahidiyik. Sovetlər Birliyi dağılandan sonra o zamankı Rusiya hakimiyyətinin planı ilə keçmiş respublikalarda separatçı meyllər gücləndirildi. Nəticə olaraq Azərbaycan üçün Dağlıq Qarabağ, Gürcüstan üçün Abxaziya və Cənubi Osetiya, Moldova üçün Dnestryanı problemləri yaradıldı. Bu problemlərdən bu günə qədər təzyiq vasitəsi kimi həmin dövlətlərə qarşı istifadə olunur. Krımla bağlı da bu ssenarinin həyata keçirilməsi təhlükəsi var. Amma ümid edək ki, Ukrayna xalqının öz gələcəyi uğrunda apardığı mübarizə müsbət sonluqla nəticələnəcək" .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00