“Qarabağ münaqişəsi Krım məsələsindən fərqlənir” - AÇIQLAMA
Elçin Mirzəbəyli: “Rusiya Azərbaycana qarşı Ermənistan amilindən – üçüncü dövlətdən istifadə edir”
6 Mart 2014 17:02 Siyasət"Rusiya Azərbaycan, Moldova və Gürcüstanda həyata keçirdiyi işğalçılıq ssenarisini Ukraynada həyata keçirə biləcək?" - sualına BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli cavab verdi. E.Mirzəbəyli hesab edir ki, Gürcüstan, Azərbaycan və Moldovada olan münaqişələr Krım məsələsindən müəyyən faktorlara görə fəqlidir. E.Mirzəbəyli qeyd etdi ki, Rusiya-Gürcüstan, Rusiya-Ukrayna münasibətlərində bu münaqişələrdən, sözdə yaradılan Krım problemindən istifadə etmək Moskvanın siyasi hədəf və məqsədlərinə xidmət edir. Bütün münaqişələrdə Rusiya faktorunun olduğunu deyən BAXCP rəsmisi vurğuladı ki, Azərbaycanla məsələ isə tamam fərqlidir: "Digərlərindən fərqli olaraq, Rusiya Azərbaycana qarşı Ermənistan amilindən - üçüncü dövlətdən istifadə edir. Rusiya Dağlıq Qarabağ problemindən istifadə edərək həm Azərbaycanı, həm də Ermənistanı nəzarətdə saxlamağa çalışır. Rusiya faktiki olaraq işğalçı dövlətdir və işğala dəstək verir. Dağlıq Qarabağla bağlı situasiyanı Moldova, Gürcüstan və Ukrayna ilə eyniləşdirmək düzgün deyil. Bütün problemlərin mahiyyətində adı çəkilən ölkələrin avro-inteqrasiyaya atacağı addımlara maneə yaratmaq dayanır. Krım problemində iki tərəf - Ukrayna və Rusiya iştirak edir. Üçüncü dövlət proseslərdə iştirak etmir. Rusiyanın bu məsələlərə yanaşmasında ciddi fərqlər olacaq. Krım parlamentinin Rusiyaya birləşməsi haqqında verdiyi qərarın heç bir hüquqi əsası yoxdur. Rusiya Krım faktorundan Ukraynaya təzyiq vasitəsi kimi istifadə edə bilməyəcək". ("OLAYLAR" İA)