Müsavatda Qubad İbadoğlu dönəmi

Gənclər onu dəstəkləyir, Arif Hacılı partiyanı tərk edə bilər

Müsavat Partiyasında başqanlığa namizədlərin təbliğat kampaniyası davam edir. Adaylara yaxın şəxslər mətbuata müsahibələr verir, piar aparırlar. Verilən açıqlamalardan bəlli olur ki, Müsavat başqanlığı uğrunda   iki şəxs mübarizə aparacaq:Divan üzvü Qubad İbadoğlu və Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı. Son 3 ildə başqanlığa əsas aday kimi adı keçən Arif Hacılının mövqeləri xeyli zəifləyib. Müsavat qurultayı ötən il və ya bu ilin qışı keçsəydi, Arif bəy şəksiz başqan seçilərdi. Ancaq bu gün bunu söyləmək mümkün deyil. Arif Hacılının başqan olmasını istəməyən qüvvələr onun qarşısına çıxa biləcək aday hazırladılar.  Ötən ilin sonlarından Müsavatda başlanmış antiHacılı kampaniyası uğurla davam etdirilir. Öncə Qadınlar Təşkilatına Hacılıya yaxın olmayan şəxs rəhbər gətirildi. Gənclər Təşkilatına Hacılıya yaxın şəxs seçilsə də, Tural Abbaslı onu Əhliman bəyi işləməyə qoymadı, bu gün də GT-də idarəçilik böhranı var. Yeri gəlmişkən, Müsavatda Arif Hacılıya qarşı duran şəxslərdən biri də Tural Abbaslıdır. Maraqlıdır ki, həbsdə Arif Hacılı ilə birgə olmuş Tural bəy sonradan Hacılının əleyhdarına çevrildi. Görünür, başqanın ətrafındakı şəxslər onu Arif Hacılıya qarşı qoya biliblər. Bu günlərdə AXCP-yə yaxın saytlardan biri Tural Abbaslının Qubad İbadoğlunun xeyrinə rayonlarda təbliğat apardığını, qəti mövqe qoyaraq Arif Hacılının əleyhinə olduğunu bildirib. Sayt yazır ki, T. Abbaslı qurultayda öz namizədliyini irəli sürəcəyini bildirib. Onun tərəfdarları İsa Qəmbərlə görüşdə bildiriblər ki, əgər A. Hacılı partiyanın yeni başqanı seçilərsə, onlar partiyadan gedəcəklər. Məlumata görə, Müsavat başqanı ilə gənclərin  gizlin  görüşündə kompromis variant kimi, Qubad İbadoğlunun namizədliyinin dəstəklənməsi məsələsi müzakirə edilib. Son günlərə qədər A. Hacılını açıq şəkildə müdafiə edən İ. Qəmbər gənclərin təkidi ilə geri çəkilməli olub və Q. İbadoğlunun namizədliyini müdafiə edəcəyini bildirib. Maraqlıdır ki, bu qərardan da Arif Hacılı narazı qalıb.  A. Hacılı isə başqan seçilməyəcəyi təqdirdə, öz tərəfdarları ilə birlikdə partiyadan gedəcəyini açıqlayıb.

Qurultaya 3 ay qalmış Müsavatda adaylar arasında qüvvələr nisbəti xeyli dəyişib. Artıq Müsavat elitasında da Qubad İbadoğlunun tərəfdarları yaranıb. Divan üzvü, tanınmış həkim Adil Qeybulla İbadoğlunu dəstəkləyib. "Yeni Müsavat" qəzeti tərəf bildirməsə də, Qubad İbadoğlunun Qırğızıstan səfərini, onun qırğız parlamentindəki çıxışını tirajladı. Aşkar görünür ki, Milli Şura ilə bağlı mövqeyini dəstəklədiyi üçün Rauf Arifoğlu başqan məsələsində İsa Qəmbərin mövqeyini müdafiə edəcək. Bu şəxslərin arasında centlmen sazişi də mümkün ola bilər. Artıq Qubad İbadoğlunun Müsavat başqanı olacağına az adam şübhə edir. Aşağılar Arif Hacılını dəstəkləsə də, elitadan, İsa Qəmbər və "Yeni Müsavat"dan dəstək alan İbadoğlu Müsavatın ikinci başqanı seçiləcək. Başqa adaylarının hər ikisi ciddi siyasi fiqurlar sayılır. Arif Hacılı meydan hərəkatından gəlib, Elçibəy hakimiyyətində sanballı postlardan birini tutub, zəngin siyasi və seçki təcrübəsi var.  Arif Hacılı başqan olarsa, Müsavat AXCP ilə rəqabəti davam etdirəcək. Qubad İbadoğlu meydan hərəkatı zamanı tələb olub. Ciddi siyasi intriqalarda adı keçmir. Siyasi və seçki təcrübəsi azdır. Bununla belə beynəlxalq əlaqələri və gənclər arasında nüfuzu Hacılıdan artıqdır. Çoxlarının yumşaq, mötədil siyasətçi kimi təqdim etdikləri İbadoğlunun idarəetmə qabiliyyəti heç kimə bəlli deyil. İsa Qəmbər-Pənah Hüseyn-Rauf Arifoğlu üçlüyünün təsirində qalarsa AXCP ilə rəqabəti davam etdirə biləcək. Amma yuxarıda bəhs olunan saytın yazısında verilmiş  "AXCP İbadoğlunun seçilməsini istəmir" fikri yanlışdır. AXCP Müsavat Arif Hacılının deyil, İbadoğlunun seçilməsindən yanadır.

Bəs Qubad İbadoğlu Müsavat başqanı olarsa, Arif Hacılı hansı addımı atacaq? Böyük ehtimalla, Hacılı Müsavatdan gedəcək. Təşkilati işdə təcrübəsi olduğundan onun yeni partiya yaradacağı da istisna deyil. Hər halda Arfi Hacılı Qabil Hüseynli,  Əli Məsimli kimi zəif fiqur deyil ki, öz partiyasını qura bilməsin. Arif bəyin yaradacağı partiya hətta Fərəc Quliyevin, Fazil Mustafanın partiyasından da güclü ola bilər.

Ərhun
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00