“Qərb təsirli addımlar atmasa, Ukraynada Gürcüstan variantı təkrarlana bilər”

Razi Nurullayev: “ABŞ o gücə malikdir ki, Rusiyanı bir ay içində fəlakətə sürükləyər”

Ukraynada hadisələr gərgin müstəvidə davam edir. Bu ölkəni qazanmaq uğrunda bir tərəfdə Rusiya, o biri tərəfdə Avropa Birliyi və ABŞ olmaqla mübarizə gedir. Onlar Ukraynanı öz orbitlərinə salmaq uğrunda mübarizə aparırlar. "Region" Beynəlxalq Analitik Mərkəzinin sədri Razi Nurullayev deyir ki, Avropa Birliyi və ABŞ-ın dəstəyi olmadan Ukraynada növbəti inqilab baş verə bilməzdi: "Düzdür, Ukrayna xalqı siyasi yetginliyini bir daha sübut etdi. Amma beynəlxalq dəstək olmadan inqilab beşiyindəcə boğulacaqdı. Yanukoviçin hakimiyyəti itirməsi Putinin də Ukraynanı itirməsi ilə nəticələnmək təhlükəsini ortaya qoydu. Rusiya Ukraynanı əldə etmək üçün bütün mühum variantlardan istifadə etmişdi. Ukraynaya 15 milyard xərcləmək niyyətindəydi. 3 milyard dollar da artıq vermişdi. Belə demək olar ki, bunu rəsmi Kiyevə yox, Yanukoviçin siyasi hakimiyyətinə - Regionlar Partiyasına vermişdi. Bu gün reallıq budur ki, Ukraynanı Avropa Birliyi ilə ABŞ qazandı". Mərkəz rəhbərinin sözlərinə görə, bu il ərzində Ukraynanın yeni hakimiyyəti təbii ki, Avropa Birliyi ilə yeni saziş imzalayacaq: "Həmçinin Ukraynanın NATO-ya qəbulu məsələsi çox ciddi şəkildə müzakirə olunur və yəqin ki, Kiyevin hərbi alyansa tamhüquqlu üzv olması üçün proseslər daha da sürətləndiriləcək. Bu isə NATO-nun Rusiyanın burnuna qədər gəlib çıxması deməkdir. Ancaq NATO Rusiyanın sərhədlərinə yaxınlaşsa da bu o demək deyil ki, NATO Rusiyaya hücum edəcək və Rusiyanı dağıdacaq. Dünya əvvəlki dünya deyil. Əgər dünya bilsəydi ki, Rusiya demokratik quruluşdur və demokratik cəmiyyətə malikdir, bəlkə də heç NATO-nun belə genişlənməsinə ehtiyac qalmazdı". Razi Nurullayev deyir ki, Rusiya öz davranışları və siyasəti ilə AB və ABŞ ehtiyatlı tədbirlər görməyə vadar edir: "Əgər Putin Qərblə düzgün oyun qaydaları üzrə hərəkət etsəydi bu gün Rusiyanın iqtisadi və sİyasi quruluşu daha mütərəqqi və daha inkişaf etmiş olardı. Rusiya gərək unutmasın ki, o zor gücünə bir yerə yığılan və assimilyasiya edilən xalqların birliyindən ibarətdir. Bu gün Ukraynanı parçalamaqla gələcək üçün özünə qəbir qazır. Çünki, Rusiyanın tərkibində olan federativ respublikalar bir gün Rusiyadan ayrılmaq qərarı verəcəklər və o milli-etnik zəmində baş verən mübarizə meydanına çevriləcək. Rusiya əlində olanı saxlamaq əvəzinə, öz ərazilərini işğal vasitəsilə genişləndirmək niyyətinə düşür. Bu isə ona problemlərdən başqa heç nə qazanadıra bilməz". Bəs Ukraynada Gürcüstan variantı təkrarlana bilərmi? Politoloq indiki məqamda bunu mümkünsüz hesab edir: "İstənilən halda, hesab etmək olmaz ki, hazırda ikinci bir Gürcüstan variantı yaşanır. Amma, Qərb təsirli addımlar atmazsa, Gürcüstan variantı təkrarlana bilər. Əgər Qərb 2008-ci ildə qətiyyətli olsaydı, Kreml ikinci dəfə başqa bir ölkənin ərazisini işğal etmək cəsarətinə malik olmazdı. Rusiya daha ciddi addımlara gedərək Krımın hətta Rusiyaya birləşdirilməsi haqqında qərar qəbul edə bilər. Yaxud Krım parlamenti bununla bağlı qərar qəbul edər və yaxud Krımın ayrıca bir respublika kimi Ukraynadan ayrılması məsələsini gündəmə gətirib Krımın ayrıca bir dövlət kimi tanınmasını da həyata keçirə bilər. Amma, təsirli imkanlar ondan ibarətdir ki, dünya ictimaiyyyəti də Rusiyanı cəzalandırmaq üçün kifayət qədər mövqe ortalığa qoymaq imkanına malikdir. Bu Çeçenistanla, Şimali Qafqazla, Tatarıstanla bağlı məsələdir. Təbii ki, Rusiya bütün dünya ictimaiyyətindən izolyasiya oluna və İranın gününə düşə də bilər. Hələ ki, sərt mövqeni ABŞ sərgiləyir. ABŞ o gücə malikdir ki, Rusiyanı bir ay içində fəlakətə sürükləyər. Amma, ABŞ-ın qəti addım atmasını şərtləndirən reallıqlar zəifdir. Ərəb inqilabları gözlənilən müsbət nəticələrə gətrib çıxara bilmədi. Bundan əlavə, ABŞ Suriyada Rusiya və Çin tandeminə ilişib qaldı. Bu problemlər çözülməmiş Rusiya ilə ciddi cəbhənin açılması ABŞ üçün də çətinliklər yaradır". Mərkəz sədri onu da bildirib ki, ABŞ Dövlət katibi Con Kerrinin də anonsunu verdiyi iqtisadi təzyiq və embarqolar tətbiq edilməmiş artıq Rusiya birja bazarında təlatüm yaradıb və rubl dəyərini itirib: "ABŞ iqtisadi embarqolar tətbiq edərsə isə, Rusiyada daha ciddi sosial təlatümlər baş qaldıra və sosial partlayışın baş verməsi üçün zəmin də yarana bilər. Rusiyada Putini yıxmaq üçün pusquda yatmış milyonlarla insan və onlarla siyasətçilər də vardır. Rusiyanın hazırda vəziyyəti o qədər də yaxşı deyil. Çünki, Soçidə olimpiadanın baş tutmasına Rusiya 55-60 milyard dollar pul xərcləyib. Bu, çox böyük bir məbləğdir. Rəsmi Moskva 60 milyard dollar xərcləməklə həm özünün super güc olduğunu ortalığa qoymaq istədi, eyni zamanda dünyaya digər simalı bir Rusiyanı təqdim etməyə çalışdı. Buna nail də oldu. Təsadüfü deyil ki, dünya bunu Putinin Olimpiadası adlandırmışdı. 60 milyard dollar xərcləyərək nail olduğu müsbət imicini bu gün Kreml demək olar ki, itirib. Yaxın günlərdə 60 milyard dollar sərmayədən ancaq və ancaq abadlaşdırılmış Soçi qalacaq.

Yəqin ki, dünya ölkələri də bundan sonra Soçidə keçiriləcək digər yarışlara da qatılmaqdan imtina edəcəklər. Artıq bunun da təzahürləri var. "Böyük Səkkizlər" Soçidə düzənlənəcək Zirvə Toplantısının ləğv olunması çağırışı etməkdədirlər. Tezliklə "Böyük Səkkizlər" "Böyük Yeddilik" variantına da qayıda bilər".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00