ABŞ Dövlət Departamenti Azərbaycana qarşı qərəzli siyasətini davam etdirir
Çingiz Qənizadə : “ABŞ kimi ölkələrin belə hesabatların yayılmasında öz siyasi maraqları var”
6 Mart 2014 16:18 Siyasət"ABŞ Dövlət Departamentinin son hesabatı tamamilə qərəzlidir". Bunu deyən millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, harada həqiqət varsa, hesabat müəllifləri oradan ehtiyatla, sürüşkən mövqe göstərməklə keçiblər: "Ermənistanın dəstəyi ilə separatçıların Dağlıq Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğal etdiyini göstəriblər. Əslində torpaqları işğal edən separatçılar deyil. Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub. Hesabatda separatçıları daha çox diqqətə çatdırmaqla Ermənistanı bu məsələdən yayındırırlar. Ermənistanın bu hadisələrdə birbaşa müdaxiləsini, birbaşa marağını dolayısı ilə kənarda saxlamağa cəhd edirlər. Hesabatda QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunlardan söhbət açırlar. Bu qanunla bağlı parlamentə layihə təqdim edənlərdən biri də mənəm. Yəqin ki, ABŞ da öz ölkəsinə daxil olan pulların haradan, nə məqsədlə kimin hesabına daxil olmasını nəzarətdə saxlayır. Biz də terrorçuluğun maliyyələşməsinə qarşı beynəlxalq konvensiyalara qoşulmuşuq. Elə ABŞ-ın özü ilə də bu sahədə əməkdaşlıq edirik". Millət vəkilinin bildirdiyinə görə, bəzi hallarda QHT-lərə yönələn pullar sonradan radikal dindarların əlinə keçir və bundan bir sıra radikal addımların atılmasında istifadə olunur: "Ona görə də QHT-lərlə bağlı qanunda üçüncü sektor təmsilçilərinin fəaliyyətinin məhdudlaşdırılmasından söhbət gedə bilməz. Bununla yanaşı, heç bir əsas göstərmədən vətəndaşların öz ölkəsindəki hakimiyyəti dinc yolla dəyişmək hüququnun əlindən alındığını demək də düzgün deyil. Bununla hesabat müəllifləri hazırladıqları sənədə ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmağa yönəlik, qızışdırıcı xarakterli bir bəndi əlavə ediblər. Sual olunur ki, əgər bu, onlar deyən kimidirsə, o zaman beynəlxalq qurumların prezident və parlament seçkiləri ilə bağlı verdikləri müsbət rəylər hara getdi? ATƏT-in, digər beynəlxalq təşkilatların, yüzlərlə beynəlxalq müşahidəçinin 2010 və 2013-cü il seçkiləri barədə hazırladıqları sənədlərə niyə diqqət yetirilmir? Bu baxımdan, vətəndaşların öz ölkəsindəki hakimiyyəti dinc yolla dəyişmək hüququ əlindən alınıb demək, səmimi fikir deyil. Bunu edənlər Azərbaycanın hazırkı iqtisadi-siyasi uğurlarına, beynəlxalq aləmdə artan nüfuzuna bir qısqanclıq hissi ilə yanaşır, ölkədəki sabitliyi pozmaq istiqamətində addımlar atırlar".
Hesabatda ölkə vətəndaşlarının mülkiyyət hüquqlarının pozulmasına da toxunulub. Bildirilib ki, guya vətəndaşlar zorla, alternativ yaşayış yeri təklif edilmədən mənzillərindən çıxarılırlar. Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin birbaşa göstərişi nəticəsində bu istiqamətdə qanuna uyğun iş aparılır, yəni, bəzi köhnə məhəllələrdə bir mərtəbəli, şəraitsiz, yaşamaq üçün müasir standartlara cavab verməyən evlərin sökülməsi müqabilində insanlara mənzilin hər kvadratmetrinə görə 1500 manat pul ödənir: "Faktiki olaraq, indi yeni tikilən binalarda mənzilin 1 kvadratmetri 600-1500 manatdır. Ölkə başçısının göstərişinə uyğun olaraq sakinlərə ən yüksək həddə kompensasiya verilir. Bazar qiymətində evinin bir kvadratmetri 1000 manat olmayan bəzi "cığal" adamların 1500 manata yaxın durmayıb, bundan qat-qat artıq pul istəməsi reallıqla uzlaşmayan hadisədir. Bəzi hallarda bu, düşmən dəyirmanına su tökməyə yarayır. Hesabatda ordudakı hansısa qeyri-humanist davranışdan da söhbət açılır. Bunu özbaşınalıq kimi qələmə verirlər. Gəlin bütün dünya dövlətlərinin ordusuna nəzər salaq. Hansı ölkənin ordusu ehtiyatsızlıqdan baş verə biləcək qəzadan, insan itkisindən sığortalanıb? Azərbaycanda da bəzən belə hallar olur və qanun çərçivəsində ehtiyatsızlıq edənlər cəzalanırlar. Belə olan halda bunu ordudakı özbaşınalıq, qeyri-humanist addım kimi qələmə vermək nə dərəcədə düzgündür? Hətta hesabatda, barələrində məhkəmə hökmü çıxarılmayan şəxslərin siyasi məhbus adlandırılmasına da rast gəlmək olar. Bu da yolverilməz haldır. Ola bilər ki, onların siyasi məhbus kimi təqdim etdikləri şəxs məhkəmənin sonunda bəraət alacaq, təqsirsiz olduğu müəyyənləşəcək və sair. Ona gör nə qədər ki, həmin şəxslərin barəsində qanuni qərar qüvvəyə minməyib, adamların siyasi məhbus sayılması heç kimə başucalığı gətirmir. Bu hesabat ABŞ Dövlət Departamentinin adından yayılıb. Əgər biz Amerikanın özündə araşdırma aparsaq, insan hüquqlarının pozulmasına yönəlik kifayət qədər faktlar aşkarlaya, başqa ölkələrin ərazilərinə müdaxiləni, oradakı insanların soyuqqanlılıqla başlarına gətirilən oyunları görə bilərik. Çox təəssüf ki, bu gün Azərbaycanda belə hesabatları hazırlamaqla erməni dəyirmanına su tökən qüvvələr var. Departamentin hesabatında elə məqamlar var ki, əvvəlki illərdə söylənilən fikirlər təkrar sənəddə yer alıb. Sanki hesabatın daha iri həcm alması üçün təkrarçılığa da göz yumublar. Odur ki, hesabatı qərəzli sayıram. Fikrimcə, bütün bunların arxasında Azərbaycanın dünyada artan nüfuzunu, siyasi-iqtisadi-hərbi gücünü, ölkəmizin müstəqil siyasət yürütməsini qəbul etməyən qüvvələr dayanır. ABŞ kimi ölkələrin də belə hesabatların yayılmasında öz siyasi maraqları var".
Alim