“Biz ilk növbədə daxilimizdəki xainlərlə məşğul olmalıyıq”
Səyavuş Novruzov: “Ona görə ki, arxadan kürəyimizə bıçaq vurmasınlar”
6 Mart 2014 15:56 SiyasətABŞ Dövlət Departamentinin son hesabatı tamamilə qərəzlidir və həqiqəti əks etdirmir. Bunu deyən millət vəkili Səyavuş Novruzovun sözlərinə görə, özləri seçkilərinə buraxmadıqları qurumun verdiyi danos əsasında Azərbaycanda keçirilən seçkilər barədə fikir söylənilir: "Hesabatda Azərbaycan zəhmətkeşi, müəllimi, həkimi, fermeri haqqında bir kəlmə də yazılmır. Yaxud, Xocalı soyqırımı ilə əlaqədar nə qədər insanın hüquqları pozulub, ancaq bu məsələlər qabardılmır. 200 mindən artıq azərbaycanlı Ermənistan tərəfindən bütün hüquqlarından, o cümlədən mülkiyyət hüququndan məhrum olub, Dağlıq Qarabağ ətrafında olan rayonlardan bir milyon insan didərgin salınıb. Lakin bu hüquqların pozulmasından danışan yoxdur. Hansısa siyasi partiya, yaxud ictimai təşkilat üzvünün hüquqları əsas hüquqlar kimi götürülür". Onun sözlərinə görə, Azərbaycanda seçkini izləyən onlarla qeyri-hökumət təşkilatı, siyasi partiya və adi vətəndaşlar olub. 40 mindən artıq vətəndaş seçki mühitini müşahidə edib. Bunların fikri qalıb kənarda, hansı təşkilata qrant veriblərsə, hansı təşkilatı ki öyrədiblər seçki haqqında mənfi informasiya hazırlasın, həmin qurumların məlumatları əsas götürülüb: "Hansı ki, həmin şəxslər verilən qrant pullarını mənimsəyib, vergidən yayınıb və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb edilib. Lakin məhkəmə qərarı olmadığı halda onların azadlığa buraxılmasını tələb edirlər. Sən hakimsən, prokurorsan, nə hüququn var ki, Azərbaycanda kimsə cinayət törədibsə, araşdırma başa çatmamış, istintaq işi tamamlanmamış, məhkəmə qərarı çıxarılmamış onun azadlığa buraxılmasını tələb edirsən? Sonradan necə ki, başqa ölkələrdə ixtişaş törətməklə əlaqədar qabaqcadan hazırladıqları adamlar bir-bir ortaya çıxır. Bunların da müdafiəsi Azərbaycan xalqı, Azərbaycan dövlətinin maraqları deyil, şəxsən özlərinin maliyyələşdirdikləri və onlara xidmət edən həmin desantlardır. Müxalifət partiyalarının birinin rəhbəri Facebook səhifəsində yazır ki, Azərbaycan hökuməti, Təhlükəsizlik Şurası yığışıb müzakirə aparmalıdır, bizə qarşı mübarizə aparmamalıdır və sair. Birinci sizə qarşı heç bir mübarizə yoxdur, ikincisi, biz ilk növbədə daxilimizdəki xainlərlə məşğul olmalıyıq ki, onlar arxadan kürəyimizə bıçaq vurmasınlar. Millətin, xalqın, dövlətin, dövlətçiliyin marağını pula satırsa, yalandan insan hüquqlarını bəhanə edərək ortaya düşüb ayrı-ayrı təşkilatlara siyahılar göndərənlərlə mübarizə aparılmalıdır. Çünki sonradan müəyyən olunur ki, adları siyahıya düşən adamlar azadlığa buraxılıb. Bunları insan hüquqlarının pozulmasi kimi qiymətləndirib Azərbaycana hər hansı zərbə qazandırmaq istəyən təbii ki, ölkəynin daxili işlərinə müdaxilə edən dövlətlərdən daha artıq xaindir və daha artıq cəzaya layiqdir. Hesab edirəm ki, bu cür insanlara qarşı mübarizə təkcə hüquq-mühafizə orqanları tərəfindən deyil, həmçinin bütün vətəndaşlar tərəfindən aparılmalıdır. Bu gün dövlətin təhlükəsizliyi, bütövlüyü və sabitliyi hamının qazancıdır və bütün vətəndaşlar bundan geniş şəkildə bəhrənməlidir".