“Qarabağın qaytarılması üçün şans yaranıb” - AÇIQLAMA
Akif Nağı: “Ukrayna hadisələri göstərdi ki, Rusiya mifi artıq dağılıb”
6 Mart 2014 14:46 SiyasətQarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Ermənistan mətbuatının "Rusiya Ukraynada məğlub olsa, Azərbaycan Dağlıq Qarabağı geri qaytaracaq" iddiasına münasibət bildirib. A.Nağı qeyd edib ki, Ermənistan mətbuatında bu cür məlumatların yayılması Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın lehinə həll olunması üçün müsbət amildir. Akif Nağı hesab edir ki, Ukrayna məsələsilə Rusiyanın işğalçı dövlət olması bir daha öz əksini tapdı. Artıq Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını davam etdirməsinin qeyri-mümkün olduğunu deyən QAT sədrinin sözlərinə görə, Rusiya ilə yanaşı Fransa, ABŞ və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağla bağlı məsələyə ikili standartlardan yanaşırlar: "Həmin qüvvələr Dağlıq Qarabağla müqayisədə Ukrayna ilə əlaqədar daha sərt mövqe ortaya qoyurlar. ABŞ və Qərb Ukraynanın suverenliyinin Rusiya tərəfindən təhdid olunduğunu və buna görə müharibə variantına əl atacaqlarını bildirirlər. Azərbaycan ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin Ukrayna və Dağlıq Qarabağla bağlı hansı mövqeni ortaya qoyduğunu nəticə kimi çıxarmalıdır. Azərbaycan Dağlıq Qarabağı və ətraf rayonları öz gücünə və hərbi yolla həll etməlidir. Ukrayna hadisələri açıq şəkildə göstərdi ki, Rusiya mifi artıq dağılıb. Rusiya deyilən qədər güclü dövlət deyil, Azərbaycan bu cür zəif ölkədən çəkinmir. Rusiya Ukraynada məğlub olub. Bu isə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın əlavə üstünlüyü deməkdir. Çünki Rusiya Ukraynada hakimiyyətə gətirdiyi qüvvəni müdafiə edə bilmədi. Ukraynada yaranmış bu vəziyyətdən istifadə edərək, Azərbaycan Dağlıq Qarabağla bağlı mövqeyinin üzərində daha sərt dayanmalıdır". ("OLAYLAR İA")