Xocalı soyqırımının TBMM-də tanınması üçün müzakirələr aparılır
6 Mart 2014 14:39 SiyasətTürkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşüb. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, görüşün məqsədi 1992-ci ildə Xocalıda yaşanmış qətliamın soyqırım kimi tanınması ilə bağlı müzakirələr aparılması olub. Türkiyə Parlamentinin spikeri ilə görüşdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbərləri ilə yanaşı, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Azərbaycan Milli Məclisinin üzvləri Qənirə Paşayeva, Arif Rəhimzadə, Rüstəm Xəlilov və TBMM-in millət vəkilləri Şuay Alpay və Hacı Bayram Türkoğlu da iştirak edib. Həmçinin TADEF Türkiyə Parlamentində Kocaelidən seçilmiş millət vəkili, Gender bərabərliyi Komissiyasının sədri Azize Sibel Gönül ilə də görüş keçirib. Millət vəkili Azize Sibel Gönül 1992-ci ildə ermənilərin Azərbaycan şəhəri Xocalıda yerli dinc əhaliyə qarşı törətdiyi qətliamın heç vaxt yaddaşlardan silinməyəcəyini bildirib. TADEF rəhbəri Bilal Dündar isə öz növbəsində Xocalı soyqırımının tək Azərbaycanın deyil, bütün Türk dünyasının faciəsi olduğunu vurğulayıb. Nümayəndə heyəti TBMM-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar və Iğdır millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Sinan Oğanla da görüşlər keçirib.