Rusiya özünü gülünc vəziyyətə saldı
5 Mart 2014 17:38 SiyasətSon günlər Rusiya Federasiyasının rəsmi qurumları və şəxsləri bütün səviyyələrdə demək olar ki, Ukrayna dövlətçiliyinə qarşı təbliğat aparır, bu ölkənin işğalını təşviq edir, qəhrəman ukraynalıların ünvanına təhqir yağdırmaqdan belə çəkinmirlər. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyir ki, bu işdə təbliğat vasitələri kimi, mülkiyyət və tabeçilik formasından asılı olmayaraq, Rusiyanın informasiya məkanı bütöv şəkildə səfərbər edilib: "Diqqət çəkən digər məqam isə Rus pravoslav kilsəsinin prezident Vladimir Putinə Ukraynaya qarşı müharibəyə başlamaqda xeyir-dua verməsidir. Son günlər Rusiyanın bir sıra şəhərlərində təşkil olunmuş aksiyalarda Rusiya rəsmi dairələrinin dəsti-xətti açıq-aydın sezilirdi. İsteriya vəziyyətinə düşmüş Rusiya cəmiyyəti bütün dünyaya əsl mahiyyətini nümayiş etdirməkdədir. Dünənə qədər Ukraynanı Gömrük sazişinə və Avrasiya İttifaqına mütəvazi tərzdə dəvət edən edən Rusiyanın davranışlarındakı kəskin dönüşün hansı mətləblərdən xəbər verdiyi maraqlıdır". VİP sədri deyir ki, yaxın dövrdə baş verənlərə nəzər yetirdikdə üzə çıxan məqamlar bu çərçivədə yaranan bir çox suallara aydınlıq gətirir: "Belə ki, Rusiya-Ukrayna münasibətlərindəki gərginliyin son fazası ötən ilin noyabr ayında Vilnüsdə keçirilmiş Avropa Birliyinin (AB) sammitinə təsadüf edir. Adıçəkilən tədbirin gündəliyinə görə, GUAM-a daxil olan 4 dövlətdən 3-nün (Azərbaycandan başqa) Aİ ilə assosiativ üzvlük barədə saziş imzalaması nəzərdə tutulurdu. Ukraynanın o dönəm Rusiyameylli prezidenti Viktor Yanukoviç tədbirin gedişində bəzi manevrlər edərək, sazişi imzalamaqdan boyun qaçırdı və Moskva ilə razılaşdırdığı yeni kredit layihəsi ilə hadisənin siyasi mahiyyətini arxa plana keçirməyə cəhd göstərdi. Sammitin gedişində sazişi imzalamış Moldova və Gürcüstan birdəfəlik inkişaf vektorlarını tərəddüdsüz məyyənləşdirərək, Avropa ailəsinə daxil olmaq istiqamətində çox önəmli addım atdılar. Yeri gəlmişkən, bu mühüm hadisənin tarixi əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Çünki Rusiyanın bu dərəcədə qeyzlənməsinin tərkib hissəsi olaraq, keçmiş SSRİ-nin bərpası və yaxud yeni rus imperiyasının qurulması kimi nəzərdə tutulan Avrasiya ittifaqı məkanının belə sürətlə daralması xəstə təxəyyüllü imperiya şovinistlərinin siyasi müvazinətini böyük ölçüdə pozub". Əli Əliyev bildirib ki, prezidentin fərariliyindən sonra Ukraynada yaranmış siyasi tablo Maydan qalibləri üçün əldə olunmuş nəticəni səlis və yetkin siyasi qərarlarla inkişaf etdirmək zərurətini doğurmuşdu: "Ukrayna müxalifəti böyük əzm sərgiləyərək, bu imtahandan da çıxmağı bacardı. Parlament müstəvisinə keçirilmiş mübarizənin gedişində demək olar ki, bütün qərarlar vaxtında və lazımi səviyyədə qəbul edilib. Tam legitim şəkildə həyata keçirilən tədbirlər - parlament sədrinin seçkisi, 2004-cü il Ana Yasasının bərpası, hökümətin təşkili və digər qərarlar tam konstitusion əsasda həyata keçirilib. Bütün qanuni tədbirlərə baxmayaraq, Rusiya 21 fevral razılaşmasından sonra baş verənlərin hamısını "qanundankənar" elan etməklə, özünü gülünc vəziyyətə saldı. Ardınca isə dünyada dəyəri qalmayan reputasiyasına növbəti ağır zərbəni endirdi. Krımın işğalı, Ukrayna vətəndaşlarına kütləvi şəkildə Rusiya pasportlarının verilməsi, Ukraynaya məxsus ticarət gəmilərinin Qara dənizdə blokada edilməsi, şərqi və cənubi Ukraynanın yaşayış məntəqələrində gərginliyi gücləndirmək təşəbbüsləri və digər bu xarakterli tədbirlər silsiləsi Moskvanın beynəlxalq məsələlərə, daha dəqiqi, qonşularına münasibətinin ibrətli göstəricisidir. Bununla belə, Rusiya cəmiyyətinin bəzi istisnalarla, bütövlükdə Patriarxdan sıravi insana kimi, prezidentdən adi vətəndaşa, generaldan əsgərə qədər işğalçı düşüncənin əsiri olması bizlər üçün əminəm ki, yenilikdir. Dövriyyəyə buraxılmış fərqli üslublarla yanaşı, yeni siyasi terminologiya da maraqlıdır. Bu qarşıdurmanın gedişində rus dili və rusdilli əhalinin müdafiəsi, Rusiyanın həyati əhəmiyyətli maraq çevrəsi kimi köhnə terminlərlə yanaşı, yeni termin sayıla biləcək "Rus dünyası" ifadəsi də diqqətdən kənarda qalmamalıdır".
Süleyman İsmayılbəyli