“Qərbin bu addımı Rusiyaya öldürücü zərbə olacaq” - AÇIQLAMA
Elxan Mehdiyev: “Bir günlük sıçrayış Rusiyanın nüfuzunun nə qədər aşağı düşdüyünü açıq şəkildə göstərdi”
5 Mart 2014 16:49 Siyasət"Sülh və Münaqişələrin" həlli Mərkəzinin direktoru Elxan Mehdiyev Qərbin Rusiyaya qarşı sanksiyalarını dəyərləndirib. E.Mehdiyev bildirib ki, Qərb dövlətlərinin Rusiya sanksiyaları daha çox iqtisadi və siyasi izoloyasiya yönündədir. E.Mehdiyev hesab edir ki, Ukrayna ətrafında baş verən hadisələrdə ən çox zərər çəkən Rusiya olacaq. Rusiyanın mövcud situasiyada Qərbin onun enerjisindən asılı olduğunu qabağa çəkdiyini deyən politoloqun sözlərinə görə, rus oliqarxları və hakim dairələrinin xarici ölkələrdə kifayət qədər mülkiyyət və bank hesabları var: "Qərb dövlətləri bunları dondura bilər. Qərbin atacağı belə bir addım Rusiya üçün öldürücü zərbə olacaq. Rusiya iqtisadiyyatının bundan sonra çökməsi labüd olacaq. Bir günlük sıçrayış Rusiyanın nüfuzunun nə qədər aşağı düşdüyünü açıq şəkildə göstərdi. Maliyyə əməliyyatları, Rusiyanı iqtisadi izoloiyasiya etməklə rus iqtisadiyyatını çökdürmək istəyirlər. Sanksiyalar Rusiya üçün böyük təhlükədir. Lakin hərbi əməliyyatlardan söhbət belə gedə bilməz. Gündəlikdə müharibə məsələsi yodur". Elxan Mehdiyev deyir ki, Rusiyanın iqtisadi baxımdan çökməsi Qərb dövlətlərinin marağında olan məsələdir. E.Mehdiyev hesab edir ki, Rusiyanın pas vəziyyətinə salınması ABŞ və Qərbi Gürcüstan, Moldova və Ukrayna siyasətində daha cəsarətli addımlar atmasına şərait yaradacaq. ("OLAYLAR" İA)