Millət vəkili : “Ukraynanın parçalanması ehtimalı yoxdur”

"Uklrayna ərazisində kimlərsə növbəti Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya yarada bilməyəcək". Bunu deyən millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, Ukrayna Avropa və dünya strategiyasında bölünməz ölkə kimi nəzərdə tutulub: "1994-cü ildə qəbul olunmuş Budapeşt sammitinin qərarları var, o cümlədən, Ukraynanın öz nüvə silahı başlıqlarını Rusiyaya qaytarması, eləcə də, Ukraynanın təhlükəsizliyinə təminatla bağlı ABŞ-Rusiya-Böyük Britaniya arasında razılaşma var. Həmin razılaşmada da öndə duran məsələ Ukraynanın ərazi bütövlüyü məsələsidir. Ona görə də Ukraynanın ərazisində separatizmi yaratmaq, ona rəvac vermək çox təhlükəli bir oyuna gətirib çıxara bilər. Bu, Ukrayna ilə buna rəvac verən ölkə arasında, konkret Rusiya arasında açıq müharibəyə gətirib çıxara bilər. Ancaq bir daha qeyd edirəm ki, torpaq, ərazi bütövlüyü məsələsində Ukraynada, Ukrayna ilə bağlı vahid fikir var". Millət vəkili eyni zamanda, rəsmi Kiyevin rus dili ilə əlaqədar tələsik addım atmasını da düzgün saymayıb: "Bu, çox tələskən bir addım idi. Çünki Ukraynanın Şərq tərəfində həqiqətən də Ukrayna dilini bilməyən xeyli sayda əhali var və milliyyətcə də onlar rusdur. Belə tələskən addım atmaq, mənə elə gəlir ki, "sağçı"ların və orada olan o millətçi qrupların iddialarından irəli gəlir. Bununla belə, bütün hallarda Ukraynanın parçalanması ehtimalı yoxdur, buna şərait də yoxdur. Bunu yaratmağa cəhd isə çox ağır nəticə verə bilər və bu, Rusiya üçün çox ağır bumeranq olar",

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00