“Krım ölkələri üçüncü dünya müharibəsinə aparır” - AÇIQLAMA
Elşən Mustafayev: “Nüvə monstrı Rusiya geosiyasi maraqlarının qorunması üçün özünü müdafiə etməyə çalışacaq”
4 Mart 2014 15:35 SiyasətAMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev Qərb və ABŞ-ın Ukraynadan öz qoşunlarını geri çəkməsi üçün verdiyi xəbərdarlıqlara münasibət bildirib. E.Mustafayev qeyd edib ki, Rusiyanın verilən vaxt ərzində Ukraynadakı qoşunlarını çıxarması indırıcı deyil. Belə olan halda Putinin Rusiyadakı nüfuzu ciddi şəkildə zədələnəcək. E.Mustafayev vurğulayıb ki, Rusiya 25 il müddətinə Sevastopoldakı hərbi bazanı icarəyə götürüb. Rusların yarımadada qanuni şəkildə fəaliyyət göstərən hərbi kontingentinin olduğunu deyən Elşən Mustafayevin sözlərinə görə, Putin bildirir ki, Ukraynadakı rus qoşunları bu müstəvidə qanuni işlərlə məşğuldurlar: "Rusiyanın demonstrativ şəkildə Qərb və ABŞ-ın hədələrinə cavab verərək qoşunlarını geri çəkməsi inandırıcı deyil. Bu Putinin daxili və beynəlxalq reputasiyasına öldürücü zərbə olacaq. Əsasən də daxildəki qüvvələr Putinin üzərinə gedə bilərlər. Putinin problemləri danışıqlar yolu ilə həll etməkdən başqa variantı qalmayıb. Putin Ukraynaya yönəlik aqressiv addım atmamalı idi. Kreml geri çəkilsə belə, proseslərdən itkisiz çıxmağa çalışacaq. Krımdaki vəziyyət Üçüncü Dünya Müharibəsinin başlanmasına gətirib çıxaracaq qədər təhlükəlidir. Çünki nüvə monstrı Rusiya hesab edir ki, Ukrayna getsə, məhv olacaq. Ona görə də Rusiya geosiyasi maraqlarının qorunması üçün özünü müdafiə etməyə çalışacaq. Kifayət qədər nüvə arsenalına sahib olan Qərb və ABŞ da Rusiyanın maraqlarının puç olması üçün təkid edirlər". ("OLAYLAR" İA)