“Putin Obamaya deyib ki, hesablaşmağa hazırdır” - AÇIQLAMA

Zərdüşt Əlizadə: “İndiki məqamda Rusiya və Ukrayna arasında müharibə gözlənilən deyil”

Politoloq Zərdüşt Əlizadə rəsmi Kiyevin Rusiyanın Ukraynaya qarşı hücuma hazırlaşdığı barədə iddialarına münasibət bildirib. Z.Əlizadə hesab edir ki, Kiyevin iddiaları inandırıcı deyil. Z.Əlizadə qeyd etdi ki, Rusiya qoşunları tədricən Ukraynanın daxili regionlarından Krıma qayıtmağa başlayıblar. Rusiya və Ukrayna arasında müharibənin gözlənilən olmadığını deyən Zərdüşt Əlizadənin sözlərinə görə, Putin sadəcə Ukraynanın yeni hökumətilə sövdələşmək üçün hüquqi əsas hazırlayır: "Həmin əsaslara Krımın Şərq vilayətlərinin əhalisinin keçirdiyi referendumun nəticələri və təşkil olunacaq yeni yerli hakimiyyətlərin rəsmi Kiyev qarşısında qoyduğu tələblər daxil olacaq. Sonra həmin əsasların ətrafında bazarlıq ediləcək". Zərdüşt Əlizadə ABŞ Prezidenti Barak Obamanın rusiyalı həmkarı Vladimir Putinlə telefon görüşməsinə də toxunub. Z.Əlizadə qeyd edib ki, Obama və Putinin apardıqları gizli danışıqlar barədə heç vaxt mediaya məlumat verilmir. Lakin son danışıqların təfərrüatı barədə mətbuatda qısa informasiyalar yayıldı. Politoloq vurğuladı ki, Obama Putinə Ukrayna ilə əlaqədar çıxardığı qərarın düzgün olmadığını bildirib. "B.Obama həmçinin Putin qarşısında qeyd etdi ki, Rusiya Ukrayna ilə əlaqədar çıxardığı qərarın hesabını verməyə hazır olmalıdır. Putin isə Obamaya cavabında deyib ki, Rusiya bütün hallarda istənilən məsələdə hesablaşmağa hazırdır. Məsələ bununla da bitib" - deyə Zərdüşt Əlizadə bildirib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00