“Putini idarə edən güc strukturları var” - POLİTOLOQ
Vəfa Quluzadə: “Əgər indiki vəziyyətdə Kreml qoşunlarını Krımdan çıxarmasa, vəziyyət Rusiya üçün heç də yaxşı olmayacaq”
4 Mart 2014 13:27 SiyasətPolitoloq Vəfa Quluzadə Rusiya Prezidenti Vladimir Putinin Ukraynada kəşfiyyat aparan əsgərlərin geri çəkilməsi barədə qərarını şərh edib. V.Quluzadə hesab edir ki, V.Putinin qərarının doğru olub-olmaması naməlumdur. Politoloq qeyd etdi ki, rəsmi məlumat veriləndən sonra məsələni aydınlaşdırmaq mümkün olacaq. Rusiyanın Ukraynaya qoşun yeritməsinin Putin rejiminin sonu olduğunu deyən Vəfa Quluzadənin sözlərinə görə, ölkələrin suverenliyini təhdid altına almaqla iş görmək mümkün deyil: "Putin bunu əvvəlcədən fikirləşməli idi. Qərar Putinin deyil. Ukraynaya qoşun yeridilməsi cəhdləri Vladimir Putini hakimiyyətə gətirən güc strukturlarının qərarıdır. Kreml başçısı qərarı həmin qüvvələrin təmsilçisi kimi həyata keçirməyə məcbur olur. Putin Ukraynaya qoşun yeritməyin hansı nəticəni ortaya qoyacağını bilməyəcək qədər sadəlövh deyil. Çünki dünyaya meydan oxumaq məğlubiyyət deməkdir. Rusiya həssas vəziyyətlə üzləşib. Federasiya iqtisadiyyatı və maliyyə sistemində çökmə başlayıb. Artıq ölkədə rublun qiyməti son illərdə fantastik dərəcədə ucuzlaşıb. Dünya dövlətləri nə Krımın Rusiyaya ilhaq edilməsinə, nə də Ukraynaya qoşun yeridilməsinə icazə verəcək. Çünki Putin artıq qırmızı xətti keçib. ABŞ-ın Rusiya ilə bütün əlaqələri dayandırılıb. Əgər indiki vəziyyətdə Kreml qoşunlarını Krımdan çıxarmasa, vəziyyət Rusiya üçün heç də yaxşı olmayacaq. Putin indiki məqamda Krımdakı rus qoşunlarının bir hissəsini çıxara bilər. Qərbin Rusiyaya etdiyi güzəşt rus qoşunlarının mərhələli şəkildə yarımadadan çıxarılmasıdır. Rusiyaya Krımdan tamamilə çıxmaq, yaxud Ukraynanın yeni hökumətinin qərarları ilə hesablaşmaq təklif olunacaq. Putin çətin vəziyyətlə üzləşib, yaxşı nəticə üçün rus qoşunları Ukrayna ərazisindən tamamilə çıxarılmalıdır. Aksiyanın son nəticəsində Rusiya Ukraynanı tamamilə itiriəcək. Bundan sonra isə Rusiyadakı Putin iqtidarı çökəcək. Əgər Putin imkanı olsaydı ki, bu qərarı yerinə yetirməsin və istefaya getsin, yəqin gedərdi. Görünür onun belə seçimi olmayıb". ("OLAYLAR" İA)