“Türkiyə proseslərini Azərbaycana gətirməyə çalışırlar” - FİKİR

Elçin Mirzəbəyli: “İdeologiya tamamilə Atatürkə və dünyəvi dövlətçiliyə qarşı nifrət üzərində qurulub”

BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli ölkədə dini müstəvidə baş verən proseslərə münasibət bildirib. Vəhhabilik və nurçuluğu siyasi cərəyan adlandıran E.Mirzəbəyli qeyd edib ki, hər iki cərəyan siyasi motivlətlə fəaliyyətə başlayıb. BAXCP rəsmisi vurğuladı ki, vəhhabilik Əbdül Vəhhab tərəfindən Səudiyyə Ərəbistanında hakimiyyətin ələ keçirilməsi üçün yaradılmış təriqətdir: "Vəhhabilər S.Ərəbistanında iqtidarı ilə keçirməyi bacarıblar. Nurçuluq isə Atatürk sisteminə qarşı Səid Nursi tərəfindən yaradılıb. İdeologiya tamamilə Atatürkə və dünyəvi dövlətçiliyə qarşı nifrət üzərində qurulub. Hər ikisinin bütün məqsədləri siyasət üzərindədir. Həmin təşkilatlar sadəcə din pərdəsiarxasında maskalanıblar". Elçin Mirzəbəyli dini cərəyanların Azərbaycanda siyasi partlayış etmələrinin mümkünsüz olduğunu deyib. Sədr müavini qeyd edib ki, vəhhabilikdən fərqli olaraq nurçuluq radikal cərəyan deyil. Nurçular öz məqsədlərini müxtəlif yollarla həyata keçirirlər: "Nurçuların siyasi partlayış etmək potensialı yoxdur. Azərbaycanda ümumiyyətlə dini məsələlər fərqli yanaşma tələb edir. Ola bilsin ki, nurçuluğa xidmət edən şəxslər müəyyən mərhələdə müəyyən adamlarla əlaqə qurmağı bacarıblar. Bu, həmin adamların konkret şəkildə təriqətə bağlı olmalarını sübut etmir. Mümkündür ki, belə olan halda konkret maraqlar ortalığa çıxısın. Nurçuluğun gündəmə gətirilməsi Türkiyədə baş verən proseslərlə əlaqədardır. Azərbaycanı həmin proseslərə qatmağa çalışan qüvvələr var. Türkiyə, AKP hökuməti dairələrində, "Gülən camaatı" arasında bu cür məlumatların yayılmasına maraqlı olan dairələrin varlığı da mümkündür. Məsələ ilə əlaqədar mediada müxtəlif siyahılar hallandırılır. Ayrı-ayrı KİV-lər öz maraqlarına uyğun olan adamları gündəmə gətirməyə çalışırlar. Əslində bütün bunlar bu gün Türkiyədə baş verən proseslərin Azərbaycana transfer edilməsi cəhdidir. Hesab edirəm ki, uğursuz cəhddir, heç bir pespektivi yoxdur. Digər radikal təşkilatlar da Azərbaycanın siyasi sisteminə təsir etmək gücündə deyillər. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün baş verənlər nəzarətə götürülməlidir". ("OLAYLA"R İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00