Putin Ukraynanı işğalın bütün ssenarisini Hitlerin Sudet üzərindəki planlarından daha ciddi hazırlayıb
Zahid Oruc: “Qərbin vahid bir cəbhədən antiRusiya blokuna qoşulacağı şübhə doğurur”
3 Mart 2014 13:57 Siyasət"İndiki dövrdə Avropa ruslar əleyhinə vuruşmağa qətiyyən hazır və razı deyil"
Rusiya son 10 ildə ikinci dəfə açıq-aşkar hərbi təcavüz siyasətinə əl atır. 2008-ci ilin avqustunda Gürcüstan ərazilərinə hərbi müdaxilə edən Moskvanın hədəfində bu dəfə Ukraynadır. Bölgədən gələn son məlumatlar Rusiyanın beynəlxalq birliklə açıq müstəvidə savaşa girdiyindən xəbər verir. Birləşmiş Ştatlar və Qərb dövlətləri Rusiya əleyhinə koalisiya formalaşdırmaq hazırlıqlarında olduğu bir ərəfədə Rusiya ordusu Krım üzərində hərbi istehkamlar quraraq möhkəmlənir. Təbii ki, rəsmi Moskvanın bu addımı birmənalı olaraq pislənir və bu Kremlin yeni təzavüzkarlıq siyasəti kimi xarakterizə edilir.
Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc da hesab edir ki, Rusiya növbəti dəfə beynəlxalq məkana güc nümaiyiş etdirir. Millət vəkilinin sözlərinə görə, Ukrayna bu dəfə inqilabın bədəlini çox baha ödədi: "Avropaya qonşuluq siyasəti ölkəni parçalanmaq və müstəqilliyini itirməyin bir addımlığına gətirib çıxardı. Əslində heç kəsə sirr deyildi ki, Rusiyanın bütün sərhədləri boyunca Qərbin möhkəmlənməsini və coğrafi mühasirəsini hədəfləyən Qərb planı Marşalın vaxtilə irəli sürdüyü doktrinanın müasir dövrə uyğunlaşmış kiçik bir parçası idi. Lakin Gürcüstandan sonra daha bir ölkə Avropa ilə birliyin ağır cəzasını alır və ərazi itkisinə məruz qalır". Zahid Oruc deyir ki, Ukraynanı bu katastrofik oyuna itələdilər: "Ölkə bütün parametrləri üzrə bölünməyə və qlobal qarşıdurma meydanına çevrilməyə məhkum edildi. Siyasətçilərin proseslərin belə amansız sonluğa gətirib çıxaracağını hesablaya bilməməsi qədim bir xalqın tarixində ləkə kimi qaldı. İndi artıq nə keçmiş hakimiyyətin qalıqlarından, nə inqilab qurbanlarından danışan var. Hazırda tərəziyə qoyulan bir dövlətin taleyidir". Millət vəkilinin sözlərinə görə, Putinin hərbi marşı nə qədər ehtimal edilsə də, bir çoxları üçün əslində gözlənilməz oldu: "Soçi Olimpiadasının uğurlu bağlanışı Ukrayana üzərinə hərbi həmlənin yürüş marşına çevrildi. Fakt bundan ibarətdir ki, keçmiş sovet metropoliyalarında həyata keçirilən uğurlu ssenarinin bütün fəsilləri burada tətbiq olunub. Məgər 2008-ci il avqust hadisələri ilə paralelliyi aparılan indiki hadisələr 1990 cı illərin Azərbaycanından nə ilə fərqlənir? Qarabağdakı etnik separatizmə başçılıq edənlər Vilayət sovetinin toplantısını keçirərək Mərkəzə müraciəti üstündən 26 il sonra Krım parlamentariləri tərəfindən təkrarlanmırmı? Kəşfiyyat strukturlarının təxribatı, yeni hökumətin səbatsız antiRusiya bəyanatları fonunda rəsmi Kremlin addımları tamam məntiqi görünür. Müşahidələr göstərir ki, Putin Ukraynanı işğalın bütün ssenarisini Hitlerin Sudet üzərindəki planlarından daha ciddi hazırlayıb. İndi bütün Rusiya əyalətlərində soydaşlar və keçmiş torpaqlarla həmrəylik aksyası keçirilir. Əlbəttə, söhbət heç də Krımdakı imperiya keçmişini qaytarmaq, hərbi qələbələrinin və şanlı silahlı vuruşlarının davamını gətirmək, Xruşşovun bədnam səhvini aradan qaldırmaqdan getmir. Putin Stalindən daha strateji düşünür.O, nəinki bir ölkənin arzuolunmaz iqtidarından bu yolla intiqamını alır, o cümlədən Qərbə meydan oxuyaraq sübut edir ki, onun üçün BMT qətnamələrinin heç bir qara qiyməti yoxdur. Bəs Putin bunu necə bacardı? İndi çoxlarını bu sual düşündürür? Əlbəttə,Rusiya ərazi defisitindən daha çox, böyüklüyündən əziyyət çəkir və bu çoxlarına bəllidir. Lakin öz milli maraqları uğrunda güzəştsiz tarixi lider statusu Putin idarəçilyinin əsas xəttidir və ac rusu belə qələbələr sevindirir, avtoritar iqtidara dözməyə məcbur edir. Demokratiya və insan haqları bayrağı altında irəliləyən Qərb ordusunu dünənə qədər qarşılamağa milyonlarla rus insanı çıxa biləcəyi halda artıq Qara dənizə gələn NATO tankerləri əsil işğalçı kimi təqdim olunacaqlar və xalq Putini müdafiə edəcək.Axı sual olunur, niyə Qərb tələ qurub Rusiyanın zəif dövrlərində onu Balkanlardan çıxara və Kosovo kimi bir atrofik dövlət təsis etməyə qadir ola bilir. Amma əvəzində ruslar öz qədim işğal etdikləri və Stalinin sürgün siyasəti ilə demoqrafik üstünlük qazandıqları subyektlərdə bunun təkrarını həyat keçirə bilmirlər?". Zahid Oruc bildirir ki, Qərb bu dəfə də dünyanın bütün informasiya artilleriyasını ruslara qarşı çevirib soyuq müharibədən daha dəhşətli əkstəbliğat quracaq: "Amma gerçək silahlı toqquşma və yeni dünya savaşı təhlükəsi real olmayacaq. Hələ ki, işğala qarşı BMT-nin ölü doğulan sənədləri ilə mübarizəyə əl atılıb və ümid olunur ki, belə operativ reaksiya ilə Putini nədənsə çəkindirə bilərlər. Halbuki belə ssenari gərginlyi daha da artıracaq". Millət vəkilinin sözlərinə görə, Qərbin vahid bir cəbhədən antiRusiya blokuna qoşulacağı da şübhə doğurur: "Söhbət heç də Qaz imperiyası altına düşmüş ölkələrin manevrləri və gözləmə mövqeyindən getmir. İndiki dövrdə Avropa ruslar əleyhinə vuruşmağa qətiyyən hazır və razı deyil. İkinci dünya müharibəsini uduzmuş xalqların övladlarının yaddaşında yaxşı qalıb ki, rusları məntiq və soyuq ağılla udmaq mümkün deyil. Burada "Qordi düyününü" Aleksandrcasına kəsib atan sərkərdəyə ehtiyac var. Qərbsə indi Yalta görüşünə qatılaraq dünyanın taleyini həll edən Çörçill, Ruzvelt kimi tarixi simalara ehtiyac duyduğunu açıq etiraf edir". Zahid Oruc Ukraynada cərəyan edən proseslərlə bağlı Azərbaycanın sərgiləməli olduğu mövqenin də nədən ibarət olacağını da deyib: "Azərbaycan bu müharibənin hansı barrikadasında olmaldır? Ən qısa cavab Türkiyənin II dünya müharibəsində tutduğu mövqedir".
Süleyman İsmayılbəyli