“Rusiyanın nüvə arsenalı əlindən alınacaq” - POLİTOLOQ

Vəfa Quluzadə: “Azərbaycan Rusiyaya müqavimət göstərməyi bacardı və rusların onun hava sahəsini müdafiə etməsindən imtina etdi”

Politoloq Vəfa Quluzadə Rusiyanın Ukraynaya qoşun yeritməsinin ortaya qoyacağı nəticə barədə məsələni dəyərləndirib. V.Quluzadə hesab edir ki, Rusiya Ukraynaya qarşı şantaj siyasətinə əl atıb. Politoloq qeyd etdi ki, NATO və ABŞ-dan geri qalması Rusiyanı narahat edir. Hal-hazırda bu dövlətin heç bir müttəfiqinin olmadığını deyən Vəfa Quluzadənin sözlərinə görə, Rusiyanın marağı olan yerlərdə onun mövqeləri tamam zəifləyib: "Ukrayna da Moskvanın maraq dairəsində olan ölkədir, orada Rusiyanın hərbi qüvvələri və bazası var. Eyni zamanda Ukraynanın hava sahəsininin müdafiəsini də Rusiya silahlı qüvvələri həyata keçirir. Azərbaycan Rusiyaya müqavimət göstərməyi bacardı və rusların onun hava sahəsini müdafiə etməsindən imtina etdi. Amma Ukrayna belə bir qərar qəbul edə bilmədi. Yanukoviçin devrilməsilə Ukraynanın əldən çıxdığını görən Rusiya, Krım məsələsini ortaya ataraq bu ölkədəki mövqelərini gücləndirməyə çalışır. Rusiya ABŞ-ın raket-radar sistemlərini Avropada yerləşdirməsindən narahatdır, ciddi cəhdlə buna qarşı çıxır". Vəfa Quluzadə hesab edir ki, ABŞ planı həyata keçirəndən sonra Rusiyanın nüvə arsenalı əlindən alınacaq. Politoloqun dediyi sözlərə görə, Rusiya hərbi dildə danışmaqla heç bir dövləti şantaj etməyi bacarmayacaq: "Əgər məsələ nüvə müharibəsinədək uzansa, ABŞ RF-nı darmadağın edəcək. ABŞ və Qərbin regionda fəallaşmasını görən, Moskva müttəfiqlərlə ancaq şantaj dilində danışmağa səy göstərir. Bununla Rusiya müttəfiqləri tələbləri qarşısında geri çəkilməyə məcbur etmək niyyətindədir. Lakin nə Qərb, nə də ki, ABŞ Kremlin planları qarşısında geri çəkilmək niyyətində deyil. Ukraynadan imtina etməsi üçün beynəlxalq güclər Rusiyaya qarşı hər cür təzyiqlər edəcəklər. Brüssel və Vaşinqtonun federasiyaya təzyiq rıçaqları çoxdur. Qərb neftin qiymətlərini qaldırsa, Rusiyanın dövlət büdcəsi dağılacaq. Federasiya daxilində dağıdıcı proseslər başlayacaq ki, bu da ölkənin tamamilə dağılmasınadək inkişaf edəcək. Hal-hazırda da Rusiya iqtisadiyyatı bərbad vəziyyətdədir. Uzun müddətli siyasi və iqtisadi qarşıdurma rus iqtisadiyyatını çökdürəcək. Rusiyanın Qərb və ABŞ-dan asılılığı var. Federasiya ərzağa olan tələbatını da Avropa vasitəsilə təmin edir. Rusiya Ukraynanın əldən getməsindən narahat olaraq bu cür təxribat addımları atır. Rusiyanın yarımadada iki limanı tutması Ukrayna və digər dövlətlər tərəfindən hərbi təcavüz kimi qiymətləndirilir. Hadisələrin bu cür inkişafı isə heç də Rusiyanın lehinə deyil". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00