Bundestaq Xarici Əlaqələr Komitəsinin üzvü: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını qəbul edirəm”

Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının üzvləri Berlində reallaşdırılan "Cənubi Qafqazdan olan gənc siyasətçilərin təhsil və dialoq proqramı"nda iştirak ediblər. Bu barədə DİP-dən "Olaylar"a verilən məlumata götə, Konrad Adenaeur və Alman Lotto Fondlarının dəstək verdiyi bu proqrama Azərbaycan, Gürcüstan və Ermənistandan 18 gənc qatılıb. Burada məqsəd Cənubi Qafqaz gənclərini Almaniyanın siyasi sistemi ilə yaxından tanış etmək və gənc siyasətçilər arasında dialoqa şərait yaratmaq olub. Gənclər proqram çərçivəsində Almaniyanın bir sıra hökumət nümayəndələri, Bundestaq üzvləri, partiya fəalları, KİV əməkdaşları ilə görüşüblər.

Bundestaqın Xarici Əlaqələr Komitəsinin üzvü Karl-Georg Vellman gənclərlə görüşü zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını qəbul etdiyini bildirib. Ermənistandan olan iştirakçıların etirazlarına baxmayaraq, Karl Vellman işğal faktının bütün dünyaya məlum olduğunu, münaqişənin sülhməramlı qüvvələrin iştirakı ilə həll oluna biləcəyini deyib. Vellman həmçinin Ermənistanın Avrasiya Gömrük İttifaqına qoşulmaqla sonu olmayan səhvə yol verdiyini, bunun böyük fəsadlar doğuracağını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00