Angela Merkeldən bir rica
27 Fevral 2014 16:07 SiyasətAzər Həsrət, [email protected]
Onu tanımırdım. Dostlar nişan vermişdilər. Yazılarını oxumağa başlamışdım. Bəyənmişdim. Özü də ermənilərin işğal altında tutduğu əzəli Azərbaycan torpağı Cəbrayıl qaçqınıdır deyə, bəlalarımızı daha yaxşı anlayacağını sanırdım. Ancaq sonradan görəndə ki, qələmini hara gəldi tuşlayır, daha oxumadım və izləmədim.
İndi də o, Almaniyada oturub yazdığı yazıda ermənilərdən üzr istəyir. Səbəb kimi də ermənilərlə Azərbaycanlıların tək fərqinin din olduğunu göstərir. Yerdə qalan özəlliklərimiz, sən demə, ermənilərlə eyniymiş. Sanki biz də Ermənistan torpaqlarını işğal etmişik. Sanki biz də Xocalı soyqırımı kimi bir erməni soyqırımı törətmişik. Sanki biz də erməni torpağında özümüzə dövlət qurub başqalarının torpaqlarına göz dikmişik. Onun yazdıqlarından belə anlaşılır. Söhbət Günel Mövluddan gedir...
Başdan ayağa bölücülük və öz millətinə nifrət qoxan bu yazıda Əkrəm Əylisli öyülür, onun "Daş yuxular"ının ruhu adamın gözünə girir. Sanki bu Günel Cəbrayıl qaçqını deyil də bir ermənidir, özü də min illərdir damarlarında təmiz erməni qanı daşıyan ermənidən daha artıq bir erməni! Onu narahat edən, bəsbəlli, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi deyilmiş. Ermənilərin əlindən deyil, sadəcə öz ölkəsinin - Azərbaycanın erməni tapdağı altındakı torpaqlarının namus dərdinə göz yummaq üçün Almaniyaya qədər qaçmış Günel Mövlud orada əbədi qalmaq istəyindədir ki, Xocalı soyqırımı günü ərəfəsində belə bir yazıyla çıxış edir. O, yaxşı bilir ki, belə yazı Azərbaycanda, məhz elə bu günlərdə necə müzakirələrə səbəb ola bilər. O, həm də yaxşı bilir ki, Ermənistanın təcavüzü sonucu ən əziz, ən yaxın ailə üzvlərini itirmiş, özəlliklə də Xocalı vəhşətini yaşamış insanlar onun belə bir yazısına çox emosional reaksiya verə bilərlər. Və hətta onu ölümlə hədələyə bilərlər!
Elə Günelin istədiyi də bu deyilmi? Budur! Onun belə bir yazı yazmaqda məqsədi sadəcə diqqəti öz üzərinə çəkmək, olmayan yerdən təhdidlər almaq, sonra da həmin "sənədləri" toplayıb Almaniya hökumətinə təqdim etməklə həmişəlik həmin ölkədə sığınacaq tapmaqdır! Bu qədər sadə, bu qədər adi!
Yazını oxuduqca adam istər-istəməz həmin məqalədəki sualı onun özünə ünvanlamalı olur: "İlahi, insan da öz xalqına bu qədər nifrət edərmi?" Edərmiş demək...
Biz belələrini çox görmüşük. Rahat və müftə şəxsi həyat qurmaq üçün onlar özlərini hətta erməni kimi qələmə verməkdən də çəkinmirlər. Yaxud da "erməni xalqıyla sülh istədikləri üçün" Azərbaycanda basqılara məruz qaldıqlarını iddia edirlər. Tanış ssenaridir. Ona görə də qərara gəldim ki, bu istəyində bu Günelə yardımçı olum. Yəni sığınacağını alsın, yaxamızdan əl çəksin deyə...
Yardım üçün Almaniya kansleri Angela Merkelə müraciət edirəm.
"Hörmətli Xanım Merkel!
Azərbaycan dünyanın ən qədim diyarlarından biridir. Buranın insanları öz qəhrəmanlıqları və cəsurluqlarıyla tanınırlar. Bu ölkənin torpaqları çox gözəldir. Burada insanların xoşbəxtliyi üçün hər cür imkan var. Lakin qonşu Ermənistanın torpaqlarımızın bir qismini işğal etməsi dinc insanlarımızın xoşbəxt olmasına imkan vermir. Belələrindən biri də hazırda Sizin ölkənizə sığınmağa can atan Günel Mövlud adlı bir Cəbrayıl qaçqınıdır. 1993-cü ildə ermənilər onun Mehdili adlı kəndini də işğal edib və Günel uşaqlıqdan öz dədə-baba yurdundan didərgin düşüb. Onun əzizlərinin qəbirləri, uşaqkən oynadığı həyət, ayaqyalın, başaçıq o yan bu yana qaçdığı tozlu yollar indi düşmən tapdağındadır. Yəqin ki, ermənilər onun babalarının, nənələrinin qəbirlərini də dağıdıblar. Ancaq Günel o qədər "humanistdir" ki, bunu da ermənilərə bağışlaya bilir. Onun qəlbi çox "geniş"dir. Boynuna xaç asmaqdan da çəkinmir. Hətta şeirlərinin birində "Ateistəm, amma xristian olmağım gəlir" deyə bilir. Bu qədər "geniş qəlbli, humanist", babasının qəbrini murdarlayan erməniyə belə qucaq açacaq qədər "böyük ürəyi" olan bir gənc xanıma Almaniya kimi inkişaf etmiş ölkədə yer verin lütfən. Yəni o da "yazıqdır" axı. Neçə aydır Sizin ölkənizdə yaşayır, ancaq sığınacaq haqqını tanımırsınız. Onsuz da Almaniya dünyanın hər tərəfindən gələn milyonlarla qaçqına qucaq açır. Bir nəfər artıq olsa nə baş verər ki? Bu işi nə qədər tez həll etsəniz yaxşıdır. Yoxsa bu yazıq qızcığaz ermənilərdən üzr istəməklə qalmaz, özünü rəzil edəcək daha neçə yazılar yazar. Bəs böyük alman xalqının humanizmi? Necə olur ki, bir gənc xanım öz dinindən, millətindən, vətənindən imtina edir, ancaq ona sığınacaq vermirsiniz? Bu yazıq daha nələrdən imtina etməlidir ki, onun səsini eşidəsiniz? Çox xahiş edirəm ki, onun rahatsızlığına son qoyasınız.
Hörmətlə,
Azər Həsrət, əzizlərinin qəbirləri erməni tapdağında olmayan bir Azərbaycanlı"
Ümid edirəm ki, Almaniyanın ölkəmizdəki səfirliyi bu məktubumu çox hörmətli xanım Kanslerə çatdırar və Günel Mövlud da daha özünü oda-közə vurmalı olmaz...