Ukraynada “Xocalı ayı”na yekun vuruldu

Ukraynada elan edilmiş "Xocalı ayı" çərçivəsində Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş yekun tədbir keçirilib. "OLAYLAR"-ın Azərbaycanın Ukraynadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, səfilrik binasında təşkil olunan tədbiri giriş sözü ilə açan səfir Eynulla Mədətli bəşəriyyətin XX əsr tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı qırğınından, bir gecədə bütöv bir şəhəri yer üzündən silmiş, silahsız dinc əhaliyə divan tutmuş ermənilərin vəhşiliklərindən danışıb. O bildirib ki, ARDNŞ-in Ukraynadakı nümayəndəliyi, UAGB və Azərbaycanın digər diaspor təşkilatları Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü olan "Xocalıya ədalət!" beynəlxalq informasiya kampaniyası çərçivəsində bütün Ukraynada Xocalıya həsr olunmuş anım tədbirləri keçiriblər. Səfir onu da bildirmişdir ki, həmin tədbirlər başa çatanda Ukrayna Azərbaycanlılarının xarici ölkələrin Kiyevdə akkreditə olunmuş səfirliklərinə və beynəlxalq təşkilatların missiyalarına, dünya birliyinə Xocalıda qanlı qətliamı pisləmək və bəşəriyyət əleyhinə cinayətlərə görə günahkarların məsuliyyətinə cəlb etmək çağırışı olan müraciətləri hazırlanıb. Sonra rejissor Vahid Mustafayevin "Xoca" bədii filmi nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00