“Krım Rusiya üçün ağır nəticələr ortaya qoyacaq” - AÇIQLAMA
Ərəstun Oruclu: “Ukrayna siyasəti iflasa uğrayan Putinin tatarları separatçılığa sövq eləmək cəhdi də puça çıxdı”
27 Fevral 2014 13:34 Siyasət"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Rusiyanın Krıma hərbi müdaxilə planını şərh edib. Ə.Oruclu hesab edir ki, Rusiyanın Krımdakı fəaliyyəti təxribat xarakterlidir. Rusiyanın bununla Ukrayna ordusunu təxribata çəkmək istədiyini deyən politoloqun sözlərinə görə, digər tərəfdən Moskva Krım məsələsini gündəmə gətirməklə Ukraynaya bir sıra şərtlərini - yarımadaya müəyyən statusun verilməsi, Qara dənizdəki rus donanması ilə bağlı əvvəlki müqavilələrin təsdiqləməsi kimi amilləri qəbul etdirmək niyyətindədir: "Rusiyanın Krıma qarşı hücuma keçməsi beynəlxalq ictimaiyyət tərəfindən müharibə, müstəqil dövlətə silahlı hücum kimi qiymətləndirilə bilər. Belə olacağı təqdirdə Rusiyaya qarşı adekvat cavablar veriləcək. Düşünülmüş cavab kimi Rusiyaya tətbiq ediləcək iqtisadi sanksiyalar federasiyanın çökməsinə bəs edəcək. Rusiyanın Krıma müdaxiləsi federasiya daxilindəki tatarları aktivləşdirə bilər. Tatarları Krımdan Ukrayna yox, məhz Rusiya sürgün edib. Tatarlar bunu çox gözəl şəkildə bilirlər. Rusiyanın əvvəllər də Ukraynaya qaldırmaq cəhdləri heç bir nəticə verməyib. Bu gün də eyni tendensiya müşahidə olunur. Rusiyanaın tatarlara yönəlik təxribat addınları əks effekt verir. Ukrayna siyasəti iflasa uğrayan Putinin Krım tatarlarını separatçılığa sövq eləmək cəhdi də puça çıxdı. Əksinə, Krım tatarları rusların separatçılığına "yox" dedilər. İndi də Ukraynanı çeçen prezidentinin dilindən vəhabilərlə və Rusiya ordusu ilə hədələyirlər. Amma bunun da cavabı özünü çox gözlətmədi - fevralın 26-da rus rublu 2009-cu ildən bəri ilk dəfə 1 dollar=36 rubl psixoloji həddini keçərək ucuzlaşdı. Digər tərəfdən Krımdakı rusların təxribat addımlarının tatarlar qarşısından alınması da Rusiyanın hərbi yola əl atmasına rəvac verdi. Rusiyanın yarımadadakı fəaliyyəti bu dövlət üçün ağır nəticələrə səbəb olacaq məsələdir". ("OLAYLAR" İA)