“Türkiyədə hakimiyyət dəyişikliyi ola bilər” - FİKİR
Elçin Mirzəbəyli: “Türkiyədə baş verən hadisələr – kompromat materialların yayılması, həbslər AKP-nin mövqelərinə ciddi zərbə vurdu”
27 Fevral 2014 12:08 SiyasətBAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Türkiyədə aparılan rəy sorğusunda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçkilər öncəsi müxalifət üzərində qalib gəlməsi məsələsini dəyərləndirib. E.Mirzəbəyli respondentlər arasında aparılan rəy sorğusunu AKP-nin "piar kampaniyası" adlandırıb. E.Mirzəbəyli hesab edir ki, AKP-nin yerlərdəki dayaqları kifayət qədər möhkəmdir. BAXCP rəsmisinin sözlərinə görə, Türkiyədə dünyagörüşü möhkəm olmayan, qismən xurafata meyilli insanların bir qismi də AKP-ni dəstəkləyirlər: "Bu müstəvidə hakim partiyanın seçkilərdə müəyyən səs qazanacağı gözləniləndir. Amma son nəticədə seçkilərin AKP-nin qələbəsi ilə başa çatacağını əvvəlcədən demək çətindir. Böyük şəhərlərdə tərəflər arasında kəskin şəkildə mübarizə gedəcək. Müxalifət partiyaları da seçkilərə fəal şəkildə hazırlaşırlar. Son zamanlarda Türkiyədə baş verən hadisələr - kompromat materiallarının yayılması, həbslər AKP-nin mövqelərinə ciddi şəkildə zərbə vurdu. Hakim partiyanın aldığı zərbələr öz sözünü deyəcək. AKP-nin mövqelərinin növbəti parlament seçkilərində daha ciddi şəkildə zəifləyəcəyi gözləniləndir. Qabaqdan gələn seçkilərdə partiyanın uğur qazanmaq şansları var. Amma bu digər partiyaların AKP ilə müqaysiədə daha az səs toplayacağı demək deyil. Bununla belə müxalifətin də qələbəsi mümkündür. İndiki məqamda isə tərəflərin qələbə qazanmaq şansları eynidir". ("OLAYLAR" İA)