Xocalı şəhidləri İğdırda anıldı
26 Fevral 2014 19:02 SiyasətFevralın 26-da İğdır Universitetində "Xocalı soyqırımını dünyaya tanıdaq" adlı konfrans keçirilib. Konfransdan öncə universitetin foyesində Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra açılış nitqi ilə çıxış edən Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev və Əsilsiz Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) başqanı Göksel Gülbəy Xocalı şəhidlərini anaraq 22 il əvvəl törədilmiş soyqırım ilə bağlı Türkiyə və müxtəlif ölkələrdə həyata keçirdikləri fəaliyyətlər haqqında iştirakçılara geniş məlumat veriblər. Daha sonra məruzə ilə çıxış edən İğdır Universitetinin müəllimi dos.dr. Türkan Kadirzadə ermənilərin türk və müsəlman dünyasına qarşı zaman-zaman həyata keçirdikləri soyqırımlar haqqında konfrans iştirakçılarını məlumatlandırıb. Konfransda çıxış edən BDM-in sədr müavini Samir Adıgözəlli isə Xocalı soyqırımına gedən yolun tarixi haqqında, XX əsrin əvvəllərindən aşlayaraq azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş cinayətlər haqda tarixi faktları qeyd edib. Eyni zamanda ermənilərin həyata keçirdiyi hərbi cinayətlərin sübuta yetirilməsi üçün kifayət qədər əsasların olduğunu bildirərək dünyanı ədalətli olmağa səsləyib. Konfransda iştirak edən Qarabağ müharibəsi iştirakçısı, Xocalı faciəsinin canlı şahidi Əlövsət Qasımov da Xocalıda həyata keçirilmiş soyqırım zamanı günahsız insanların başına gətirilənləri qeyd edərək, şahidi olduğu hadisələr haqqında iştirakçılara geniş məlumat verib. Daha sonra Xocalı soyqırımı haqqında sənədli film nümayiş olunub. OLAYLAR