AntiAzərbaycan ssenarisi yenə gündəmdə
Ssenarinin bu dəfəki aktyoru isə Günel Mövluddur
26 Fevral 2014 19:00 SiyasətSon illərin müşahidələri göstərir ki, bir mənfi tendensiya tez-tez özünü biruzə verir. Bu da bəzi şəxslərin müxtəlif adlar, hətta milli mənsubiyyətini belə danaraq erməni adı altında xarici ölkələrə üz tutmasından sonra Azərbaycana qarşı sanki bir "səlib yürüşü"nə başlamasıdır. İndiyə qədər bu cür simaları Azərbaycan xalqı çox görüb və onların hansı məram-məqsədə, amala qulluq etdiyini özü müəyyənləşdirib. Düzdür, həmin insanlar müəyyən müddət üçün özlərinə yaxın çevrələrin, antiAzərbaycan qüvvələrin, konkret olaraq erməni diasporunun arzuedilən şəxsinə çevrilsə də, sonradan onlar istifadəyə yararsız vasitə kimi çölə atılıblar. Leyla Yunus, Eldar Zeynalov, Əkrəm Əylisli və bu kimi dövlətçilik əleyhinə olan insanların sırasına son günlər biri də əlavə olunub. O da özünü müxtəlif sahələrdə sınayan, lakin heç bir sahədə tapa, uğur qazana bilməyən Günel Mövluddur. Son bir neçə ay ərzində bu şəxsin qələmə aldığı yazılara diqqət yetirəndə görünən o olur ki, yaxın keçmişdəki antiAzərbaycan qüvvələrinin hazırladığı ssenari davam edir. Məqsəd Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, onu ləkələmək, ölkəmiz barədə mənfi rəy formalaşdırmaqdır. Elə bir neçə gün əvvəl Günel Mövludun qələmə aldığı yazıda da eyni niyyət aydın görünür. Ən təəsssüfedici məqam ondan ibarətdir ki, Günel Mövludun yazılarında erməni təəssübkeşliyi özünü qabarıq şəkildə büruzə verir. Doğulub boya başa çatdığı Cəbrayıl rayonunun hazırda erməni işğalı altında olmasına baxmayaraq Günel Mövlud erməniləri yazıq-məzlum kimi qələmə verir, sanki onların günahsız olduğunu dünyaya sübut etməyə çalışır. "Sizin də dərdiniz aşağı-yuxarı eynidi. Siz də xalq olaraq, qarabağlı klanının əlində aciz qalmısınız. Ölkənizdə kasıblıq, səfalət baş alıb gedir. Minlərlə ermənini Qarabağ torpaqlarında əsir kimi saxlayırlar. Heç bir infrastrukturu, mədəni mühiti, rahatlığı olmayan rayonlarda fağır erməniləri tarix, ideya, milli maraq əsiri edib, zorla saxlayırlar. Çünki Qarabağda ermənilərin yaşadığını göstərməlidirlər. İnsanlar isə o torpaqlarda ancaq Böyük Ermənistan ideyası naminə yaşayırlar. Əllərində olsa, o fağır ermənilər həmin kimsəsiz, adamsız, yayda bir, qışda min problemi olan yerlərdən böyük şəhərlərə köçər və normal insan həyatı yaşayarlar" deyən Günel Mövlud bir qədər də irəli gedərək acizcəsinə, simasızcasıınz ermənilərdən üzr istəməyi belə unutmur: "Qarabağlı ermənilərin öz xalqının başına gətirdikləri oyunlara, zülmə, çəkdiyiniz məşəqqətlərə, yaşadığınız iztirablara görə bir qarabağlı kimi sizdən üzr istəyirəm. Mən sizi öz qarşımda deyil, özümü sizin qarşınızda günahkar bilirəm".
Günel Mövludun milli maraqlara zidd olan fikirlərinin bu günlərdə, daha dəqiq desək Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində işıq üzü görməsi də təsadüfi sayıla bilməz. Elə burdan da görünən odur ki, yuxarıda qeyd etdiyimiz kimi Azərbaycana qarşı yönəlmiş bu dəfəki kampaniya da ermənipərəst qüvvələrin hazırladığı bir ssenaridir. Azərbaycan bu günlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri dünyaya çatdırmaq istədiyi bir vaxtda Günel Mövlud və onun kimi erməni dəyirmanına su tökənlər ermənilərin yazıq, məzlum xalq obrazını yaradırlar. Bu arada bir məqamı qeyd etmək yerinə düşər ki, vaxtı ilə Xocalı soyqırımının ildönümü ərəfəsində də bəzi "yazarlar" və "hüquq müdafiəçiləri" belə bir cəhddə bulundular. Hətta ermənilərin Xocalıda heç bir vəhşilik törətmədiyini həyasızcasına söylədilər. İndi də eyni yolu Günel Mövlud gedir.
Günel Mövludun fikirləri, qələmə aldığı yazılarda açıq şəkildə bölücülük, regionçuluq niyyəti də özünü göstərir. Almaniyada rahat həyat tərzininn qarşılığında üzərinə götürdüyü öhdəliklərə əsasən Azərbaycanı öz aləmində bölgələrə bölməyə çalışan Günel Mövlud iddia edir ki, ölkə yalnız bir regiondan olan insanlar tərəfindən idarə olunur. Azərbaycanın icra, istər qanunverici, istərsə də məhkəmə orqanlarında müxtəlif regionlardan olan insan təmsil olunurlar. Burada sual oluna bilər ki, bəlkə Günel Mövlud bunlardan məlumatsızdır. Əsla. Hazırda Günel Mövludda olan faktlar bəlkə də media sahəsində çalışan bir çox insanlarda yoxdur. Günel Mövluda antiAzərbaycan qüvvələri tərəfindən bütün təlimatlar verilib və o, kimin haradan olduğunu gözəl bilir. Sadəcə Günel Mövluda çəkilmiş xətt üzrə hərəkət etmək tapşırılıb. Bu adamda olan bölücülük xisləti ziyalılara qarşı münasibətdə də özünü göstərir.
Göründüyü kimi Almaniyada konfort həyat tərzi üçün alışıb-yanan Günel Mövlud var gücü ilə Azərbaycana qarşı cəbhə açıb. Xristianlığı qəbul edərək milli və dini heysiyyatını itirən insandan əslində başqa bir şey gözləməyə dəyməz. İstər-istəməz bu kimi insanlar çox keçmədən sabun köpüyü kimi yox olacaqlar. Necə ki, indiyə qədər belələrini çox görmüşük.
Süleyman İsmayılbəyli