Azərbaycanın Ukraynadakı səfirliyindən Rövşən Tağıyevlə bağlı təkzib verildi
26 Fevral 2014 15:07 Siyasət"Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi" ictimai təşkilatının sədri Rövşən Tağıyevin bəyanatında Ukraynanın eks-prezidenti Viktor Yanukoviçi dəstəklədiyi, lakin sonradan mövqeyini dəyişdirdiyi barədə bir sıra Ukrayna xəbər portallarında getmiş yazılarla əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi təkzib verib. "OLAYLAR"-ın səfirliyə istinadən verdiyi açıqlamada bildirilir ki, Ukraynada fəaliyyət göstərən heç bir Azərbaycan diaspor təşkilatı 2013-cü ilin noyabr ayından başlayaraq bu günədək Kiyevin Müstəqillik Meydanında davam edən etiraz aksiyalarında xalqın tələbinə zidd olan bəyanatlar verməyib, hakimiyyət tərəfindən edilən zorakılığı dəstəkləməyib. Əksinə, Ukraynadakı Azərbaycan icmasının nümayəndələri meydan hərəkatının ilk günlərindən xalqın sıralarında olmuşdur, Müstəqillik Meydanında xəsarət alanların arasında Ukrayna vətəndaşları olan azərbaycanlılar da vardı. "BUAK" ictimai təşkilatının sədri Rövşən Tağıyevə gəldikdə isə, qeyd etmək lazımdır ki, onun həmin bəyanatında və "Ukrayna Millətlər Assambleyası" təşkilatının sədri kimi əvvəlki müsahibələrində xalqın tələblərinə dəstək ifadə olunub, hakimiyyət tərəfindən güc tətbiq edilməsinin yol verilməzliyi vurğulanıb. Buna görə də Səfirlik bu məsələ ilə bağlı müxtəlif xəbər portallarında gedən məlumatın həqiqəti əks etdirmədiyini və qərəzli xarakter daşıdığını bəyan edir.