Almaniyada Xocalı soyqırımını tanıtım tədbiri keçirilib

Almaniyanın Noymünster şəhərində alman ictimaiyyətinin geniş iştirakı ilə Xocalı soyqırımının tanıtım tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə,  "Almaniya Azərbaycanlı Gənclər Birliy"nin rəhbəri Elnur Rixter, "Alman-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti"nin rəhbəri Azad Əzizov və "Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası"nın rəhbəri Tengis Sade Baron zu Romkerhallın təşkilatçılığı ilə baş tutan tədbirdə ilk olaraq faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. "Alman-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti"nin rəhbəri Azad Əzizov və Cəmiyyətin Noymünster şəhərindəki nümayəndəsi Elmira Məmmədova iştirakçılara erməni millətçilərinin vandalizmi barədə danışıb. "Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası"nın rəhbəri Tengis Sade Baron zu Romkerhallın isə qeyd edib ki, Xocalı soyqırımı XX əsr dünya tarixinin ən dəhşətli səhifələrindən biridir və erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti faktıdır. Daha sonra əksəriyyəti yerli ictimaiyyətin nümayəndələri və ziyalılar olan qonaqlara Xocalı faciəsini əks etdirən videomaterial nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00