“Müsavatdakı gərginlik Arif Hacılı və İsa Qəmbərin oyunudur” - Elşən Musayev
“Müxalifət liderləri sadəcə olaraq gördükləri iş müqabilində xarici ölkələr və beynəlxalq təşkilatlardan aldıqları qrantları itirmək istəmirlər”
26 Fevral 2014 15:01 SiyasətDemokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Müsavat Partiyası daxilində başqanlıq seçkiləri uğurunda gedən mübarizədə yaranmış gərgin vəziyyəti dəyərləndirib. E.Musayev bildirib ki, Müsavat İcra aparatının rəhbəri Arif Hacılı başqan İsa Qəmbərin yürütdüyü siyasəti və bütün gizli işlərini bilən adamdır. E.Musayev hesab edir ki, Müsavat başqanı bütün hallarda A.Hacılıdan ehtiyat edir. Sədrin sözlərinə görə, İsa Qəmbər icra aparatının rəhbərini özü qəsdən ortaya buraxıb ki, başqa namizədlərin başqanlıq üçün piarı getməsin: "Müsavat başqanı bütün bunları keçiriləcək qurultayda A.Hacılının əvvəlcədən planlaşdırıldığı kimi namizədliyini onun lehinə geri götürməsi üçün edir. Partiya daxilində yaranmış gərgin situasiyadan istifadə edən İsa Qəmbər başqan postunda qalamq üçün aktivləşib. A.Hacılı Müsavatda səs-küy salan tərəfi təmsil edir. Milli Şura və müxalifət daxilində baş verən gərgin proseslərin başında da Arif Hacılı dayanır. Müsavat Partiyasının Gənclər Təşkilatında keçirilən seçkinin nəticələrinin iki dəfə ləğv olunması da icra aparatı rəhbərindən qaynaqlanır. Müsavat funksionerləri bütün bunları açıq şəkildə etiraf edirlər. Müsavat tərəfindən keçirilməsi qəfil planlaşdırılan qurultay üçün də İsa Qəmbər artıq koordinasiyası qurulub. Arif Hacılı və İsa Qəmbər Müsavat daxilində həyata keçirilən ssenariləri Milli Şura və digər qurumlarda da həyata keçiriblər. Qurultay tamamilə bu mənada İsa Qəmbərin maraqlarına xidmət edir. İsa Qəmbərin məqsədi hakimiyyətə gəlmək yox, müxalifəti monopoliyada saxlamaqdır. Müxalifət liderləri sadəcə olaraq gördükləri iş müqabilində xarici ölkələr və beynəlxalq təşkilatlardan aldıqları qrantları itirmək istəmirlər. Hesab edirəm ki, bu çərçivədə Müsavatın qurultayında böyük şou olacaq. Orada əvvəlcədən qurulmuş tamaşa oynanılacaq. Əsas rollardan birinin ifaçısı da Arif Hacılıdır". ("OLAYLAR" İA)