Milli özünəqayıdışın ikinci dalğası - KÖŞƏ
26 Fevral 2014 14:40 SiyasətMəşədi Cəfər
Bu günlərdə Qazaxıstan respublikasının prezidenti Nursultan Nazarbayev ölkəsinin adının dəyişdirilməsi ilə bağlı təşəbbüs irəli sürüb. Nursultan bəy deyib ki, ölkəsinin adı niyə "Qazaxıstan" olmalıdır? Qazax eli adlansa yaxşı olar. Nazarbayev bundan öncə də bu cür türk millətçilərinin könlünü oxşayan təkliflərlə çıxış edib, əməli addımlar atıb. Nazarbayev yeni paytaxt tikərək başkəndi ruslar çoxluq təşkil edən Almatıdan köçürüb. Türk xalqlarının tarixi, dili, ədəbiyyatı bu gün daha çox Qazaxıstanda öyrənilir. Qazax prezidenti dəfələrlə Türk birliyi ideyasından danışıb, təbliğ edib, "biz türklər birləşəriksə, Avropa Birliyindən də güclü olarıq" deyib. Anadolu türklərinin "ata yurdu" hesab etdiyi Orta Asiyanın heç bir türk dövləti Qazaxıstan qədər türklüyə xidmət etmədi. Sabiq qırğız prezidenti Əsgər Akayev İrəvanda "Soyqırım abidə"sinə əklil qoymuşdu. Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazov (Türkmənbaşı) Azərbaycana ərazi iddiası (dənizdən) irəli sürür, Türkiyə ilə açıq düşmənçilik edirdi. Onun varisi Qurbanqulu Berdimuhammedov da türkmənbaşıdan geri qalmır, imkan düşdükcə türklərə həqarət edir. Özbəkistan prezidenti İslam Kərimov türk dövlətləri ilə yaxşı münasibətlərə malik deyil. Özbək müxalifətinin lideri Məhəmməd Salehi himayə etdiyinə görə, Türkiyə ilə bu gün də normal münasibətləri yoxdur Özbəkistanın. Qırğızıstanın yeni prezidenti Almazbek Atambayev türk birliyi ilə bağlı çıxışlar edib, Ankarada Türkiyə lehinə sözlər deyib. Amma qırğız dövləti o qədər kasıbdır ki, böyük projeləri reallaşdırmaq gücündə deyil. Orta Asiyada Qazaxıstan boyda dövlətin başçısının milli soy-kökə bağlı siyasəti türkçülərdə qürur hissi yaradır. Maraqlıdır ki, Nazarbayevin bu milli təşəbbüsləri Rusiyada da qısqanclıq doğurmur. Tarix boyu türkün saxta tarixini yazmış, böyük tatar dövlətini "Monqol dövləti" adlandırmış, türkləri barbar, köçəri kimi təqdim etmiş rus şovinizminin beşiyi Moskva hələ ki tolerant yanaşır.
Nazarbayevin milli keçmişə, kimliyə qayıdış siyasəti digər Orta Asiya ölkələrinə də təsirsiz qalmayacaq. Azərbaycan türklüyün mərkəzidir. Türkçülük ideyası daim Azərbaycanda yaşayıb, inkişaf edib. SSRİ-nin türk xalqları arasında türklük ideyasına ən bağlı xalq da azərbaycanlılar olub. Bu baxımdan Qazaxıstanın bizə örnək olması mümkün deyil. Amma bizdə də görüləsi işlər çoxdur. Məsələn, hələ də soyadları milliləşdirməmişik. Yeri gəlmişkən, Nazarbayev bu məsələdə bizdən geridir. Bizdə heç olmasa qanun layihəsi hazırlanıb. 1992-ci ildə qəbul olunmuş qanuna görə, xeyli adam soyadını milliləşdirib. Nazarbayev soyadların milliləşdirilməsi məsələsi üçün təşəbbüslə çıxş etməyib hələ ki. Bu günə qədər işlətdiyimiz rus idarəçiliyindən qalma terminlərini dəyişə bilmirik. Hələ də inzibati-ərazi bölgümüz "rayon" adlanır. Halbuki bu termini "bölgə", "el", "mahal"la əvəz etmək olar.
Ötən iki ildə baş verənlər göstərdi ki, bəzən sosial-iqtisadi problemlər insanları yanlış istiqamətlərə yönləndirə bilir, SSRİ nostaljisinə meylləndirir. Şüurlarda müstəqillik ideyalarının möhkəmləndirilməsi üçün atılacaq addımlar sırasında soyadların təcili şəkildə milliləşdirilməsi, rus terminlərindəm imtina, rus dilinin tədrisinin azaıldılması başda gəlir. Avropalaşma kampaniyasına yalnız milli soy-kökə qayıdışın ikinci dalğası ilə cavab vermək olar. Son zamanlar gənclər arasında türk millətçiliyinin populyarlaşması yaxşı haldır, buna rəvac vermək lazımdır.