“Türkiyədə baş verən proseslərdə ABŞ rol almır” - POLITOLOQ
Vəfa Quluzuadə: “Əgər vəziyyətin gərginləşməsi üçün daxildə heç bir canlanma yoxdursa, xarici dövlətlər heç nə edə bilməzlər”
26 Fevral 2014 13:47 SiyasətPolitoloq Vəfa Quluzadə Rusiya mətbuatının "Ukraynadan sonra ABŞ və Avropa İttifaqının hədəfində Türkiyədir" iddiasına aydınlıq gətirib. V.Quluzadə rusiyalı analitiklərin iddialarını Rusiya "dil sümüksüzdür, nə istəsəniz danışa bilərsiniz" atalar sözünə bənzədib. Vəfa Quluzadə hesab edir ki, bir çox ölkələrdə baş verən proseslər yalnız xaricdən idarə oluna bilməz. Politoloq qeyd etdi ki, əgər vəziyyətin gərginləşməsi üçün daxildə heç bir canlanma yoxdursa, xarici dövlətlər heç nə edə bilməzlər. Türkiyədə müəyyən prsoseslərin baş verdiyini deyən V.Quluzadənin sözlərinə görə, cəmiyyətin müəyyən qismində Ərdoğan iqtidarından narazılıqlar, qarşıdurmalar var: "Türkiyə cəmiyyətində hər hansı bir partlayış baş versə, orada xarici faktorlar rol oynamayacaqlar. Başlayacaq proseslər daha çox Türkiyə cəmiyyəti arasındakı hərəkətlərlə əlaqələndirilməlidir. Xarici qüvvələrin bundan istifadə etməsi mümkündür. Lakin ayrı-ayrı ölkə və regionlarda baş verənlərin hamısını xarici qüvvələrin ayağına yazmaq düzgün deyil. Rusiyada elə politoloqlar var ki, onların iddialarına görə, hətta Rusiya imperiyasında çar Nikolayı masonlar idarə ediblər. Bu belə deyil axı. Çar imperiyası, mütləq monarxiya, indiki siyasi elita və aristokratiyanın xalqı sıxışdırması Rusiyanı dəhşətli partlayışın astanasına gətirib. Rusiyalı politoloqların iddiaları heç bir məntiqə əsaslanmır". Vəfa Quluzadə həmçinin rus mediasının Türkiyənin ABŞ və Avropa İttifaqından imtina etməsi məsələsinə də toxunub. Rusiya analitiklərinin iddialarını əsassız adlandıran politoloq bildirdi ki, Türkiyə NATO üzvü olan dövlətdir. V.Quluzadə hesab edir ki, cumhuriyyət uzun müddət reformalar aparıb, demokratikləşib. "Türkiyə hal-hazırda da üzvlük üçün Avropa İttifaqı ilə danışıqlar aparır. Türkiyənin tutduğu siyasi xəttdən kənara çıxacağı inandırıcı deyil. Türkiyə xalqı təhsilli və mütərəqqidir. Xalq ölkənin geriyə getməsinə imkan verməyəcək" - deyə politoloq bildirib. ("OLAYLAR" İA)