Demokratik Müsavat yaranır? - SİYASİ ANALİZ
Başqan ola bilməsə, Arif Hacılı yeni partiya yaradacaq
26 Fevral 2014 13:04 SiyasətMüsavat partiyasının mayın 24-ə təyin etdiyi qurultayda ciddi kataklizmlər yaşaya bilər. Partiyadaxili narazılığa səbəb kimin başqan olacağı məsələsidir. Hər kəsə məlumdur ki, Müsavatda İsa Qəmbərdən sonra ikinci şəxs Mərkəzi İcra Aparatının sədri Arif Hacılıdır. Onun rayon təşkilatlarında ciddi dayağı var, Müsavatda təcrübəli fiqurdu, İsa Qəmbərdən başqa kimsə onunla rəqabət apara bilməz. İsa Qəmbər başqanlıqdan gedəcəyini deyib, ancaq partiyada qalacağını bildirib. Bu isə o deməkdir ki, Qəmbər Müsavatı əldən vermək fikrində deyil. Partiyanı əldə saxlamağın yollarından biri də partiyaya nisbətən zəif fiqurun sədr seçilməsidir. Yeri gəlmişkən, bir sıra qaynaqların verdiyi xəbərə görə, Müsavatda başqanlıq postu da ləğv olunacaq. Müsavatın rəhbəri sədr adlanacaq. Başqan adı İsa Qəmbərdə qalacaq. Artıq siyasi kuluarlarda Arif Hacılının Müsavatın rəhbəri olmayacağı söylənilir. İsa Qəmbərin varisi ya Qubad İbadoğlu, ya da müsavatçı qadınlardan biri olacaq. Müsavatın növbəti rəhbəri Arif Hacılı olmasa, partiyada ciddi narazılıq, parçalanmalar mümkündür. Böyük ehtimalla, Hacılını istəməyən qüvvələr birgə hərəkət edəcək, qurultaya qədər ictimai rəyi dəyişib, başqa adamın başqan olmasına çalışacaqlar. Arif Hacılı bunun fərqindədir və hazırlıqlarını davam etdirir. Sədr seçilə bilməsə, Arif Hacılının Müsavatdakı və yaxın partiya və mətbu çevrədəki dostları ilə birgə siyasi partiya quracağı gözləniləndir. Yeni partiyanın Demokratik Müsavat adlanacağı söylənilir. Xatırladaq ki, bu adda sayt fəaliyyət göstərir ki, bu saytın Arif bəyin qardaşı Mustafa Hacıbəyliyə məxsus olduğu deyilir. Arif Hacılı və komandasının bu cür özfəaliyyətləri həmişə olub. "Yeni Müsavat" Arif Hacılıya embarqo qoyanda Mustafa Hacıbəyli "Demokrat" adlı qəzet buraxırdı. Arif Hacılının partiya qurmaq üçün yetərli gücü, resursları var. Onun böyük qardaşı Vaqif Hacıbəylinin qeydiyyatdan keçmiş Əhrar partiyası var. Yeni partiya qurulsa, Əhrar, Müsavat ətrafında olan bir neçə xırda partiya da A.Hacılının partiyasına qoşula bilər.
Arif Hacılı üçün də, Müsavat üçün də ən doğru yol elə budur. Arif bəy Müsavatda sədr olsa, onu qəbul etməyən qüvvələr partiyanı tərk edəcəklər. Partiyada ciddi kataklizmlər yaşanacaq. İsa Qəmbər Müsavatdakı adamlarını Hacılıya qarşı qoyacaq, vahid komandanın yaranmasına, yeni sədrin liderə çevrilməsinə imkan verməyəcək. "Yeni Müsavat", Divan üzvləri yeni sədri qəbul etməyəcək, ona mane olmağa çalışacaqlar. Arif Hacılı ya istefa vermək zorunda qalacaq, ya da Müsavatı öz boyuna kiçildəcək. Narazıları bir-bir partiyadan uzaqlaşdıracaq ki, sonda onlar İsa Qəmbərə müraciət etmək zorunda qalacaqlar. Müsavatda KXCP-dəki kimi fraksiyalar yaranacaq. Müsavat Arif Hacılının boyuna, çapına uyğunlaşmayınca, bu problemlər qalacaq. Müsavata 22 il İsa Qəmbər başqanlıq edib. Azərbaycan mühitində elə bir siyasi yetkinlik yoxdur ki, bir adam "mən gedirəm, sədr bu adamdır, ona tabe olun" deyib getsin. Hökmən qalmağa, təsirini saxlamağa çalışacaq. Ona görə də Müsavata yumşaq, zəif başqan lazımdır. Arif Hacılının ayrılıb partiya qurması müxalifət üçün də uğurlu addım olardı. Əslində zaman da Hacılının xeyrinə işləyir. Zamanında addım atıb özünə partiya qursa, ənənəvi müxalifəti qəbul etməyən, İsa Qəmbər-Əli Kərimli davasından bezmiş gəncləri də özünə cəlb edə bilər.
Ərhun Abbas