Bütün diqqətin Xocalı soyqırımının tanıdılmasına yönəlməsi olduqca vacibdir - ŞƏRH
Fazil Mustafa: “Yaşanan acıları xatırlama törənləri matəm günü formasında deyil, siyasət materialı formasında gündəmdə tutulmalıdır”
26 Fevral 2014 13:01 SiyasətBu günlərdə Azərbaycan xalqı XXI əsrdə başına gətirilən daha bir müsibəti, Xocalı soyqırımının 22-ci ildönümünü qeyd edir. Aradan 22 il keçməsinə baxmayaraq hələ də biz Azərbaycan xalqı olaraq bu soyqırımı dünyada tam mənada tanıda bilməmişik. Düzdür, bir sıra ölkələrin parlamentləri bu hadisə ilə əlaqədar qərarlar qəbul etsələr də, lakin əldə edilən nəticə kifayət qədər deyil. Bəs Xocalı soyqırımına beynəlxalq birlik tərəfindən hüquqi-siyasi qiymətin verilməsi, bu soyqırımın tanınması üçün daha hansı forma və vasitələrdən istifadə edilməlidir?
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyir ki, bir xalqın davamlı olaraq öz faciəsinə qapanaraq matəm saxlaması həmin xalqda qalıcı bir yazıqlıq kompleksi yaradır: "Xocalı hadisəsi kimi bildiyimiz və bilmədiyimiz dəhşətli faciələri XX əsrdə çox yaşamışıq. 1905-ci ildə ermənilərin törətdiyi vəhşəti, 1918-ci ilin mart soyqırımı, 1920-ci ilin Gəncə qiyamında baş verən qətliamlar, Ermənistandan deportasiyalar, Stalin represiyaları. Xatırladıqca bu siyahını daha da uzatmaq olar. Xocalı bu faciələrin xronoloji ardıcıllığında yer alan ən dəhşətli və hələlik son olan acımızdır. Ona görə də tariximiz boyu bütün acıları hər gün yaşamaq, hər gün matəm saxlamaq, millətin gələcəyə yönəlik düşüncəsində bir qorxu, məzlumluq zədəsi yaradır". Millət vəkilinin sözlərinə görə, XIX əsrdə Rusiyanın həyata keçirdiyi çərkəzlərin soyqırımı və deportasiyasının, çeçenlərin millət olaraq fədakar savaşı və böyük itkilərin baş verməsi fonunda hələ də dağlarda müqavimətlərini davam etdirmələrinin tək bir səbəbi yaşanan acıları matəm olaraq hər gün təkrar yaşamamalarıdır: "Ona görə də yaşanan acıları xatırlama törənləri matəm günü formasında deyil, siyasət materialı formasında gündəmdə tutulmalıdır. Bu bizim əlimizdə olan erməni soyqırımını isbatlayan ən ciddi sənədləri, vidioçəkilişi olan bir siyasi materialdır və onun doğru təqdimatından çox şeylər asılıdır. Ona görə də konkret hədəfi anlaşılmayan 20 yanvar və başqa faciələrin yaşandığı günlərin tədbir bolluğunu azaldaraq bütün diqqətin Xocalı soyqırımının tanıdılmasına yönəlməsi olduqca vacibdir. Bir hadisənin soyqırım olaraq hansısa parlamentdə tanınmasından çox, o ölkədə siyasətlə məşğul olan hər kəsin hər il bunu xatırlaması üçün düzgün üsulların tapılması vacibdir. Keçmişdə də, indi də siyasəti kütlələr həll etməmiş, hətta siyasətin, hakimiyyətin dəyişməsinin lokomotivi bir çox hallarda kütlələr olsa belə. Həmişə şəxslər qrupu nəyisə hazırlayaraq cəmiyyətə ötürür və cəmiyyət onu özünün hazırladığı düşüncəsinə qapılaraq siyasətçilərə geri qaytarır. Konstitusiyaların dəyişməsindən tutmuş ən xırda qanunvericilik məsələlərinə qədər bu beləcə baş verir. Ona görə də hansısa şəhərin hansısa küçəsində on-on beş adamın təsəlli üçün bir tədbir keçirməsi bir qədirşünaslıqdır, şəhid olmuş insanların ruhunu əziz tutmaqdır. Geniş mənada isə siyasət deyil". Fazil Mustafa hesab edir ki, ölkəmizin hər yerdə səfirlikləri var və yaxşı olar ki, bir mərkəzdə hazırlanan və konkret ölkələrin siyasətçilərinin anlayacağı dildə bu mətnlər Xocalı soyqırımının ildönümündən öncə konkret ünvanlara göndərilsin: "Burada söhbət real siyasəti həyata keçirən qanunverici və icraedici orqanların əksər təmsilçilərinə qısa və sadə bilgilərin broşür formasında çatdırılmasından gedir. Erməniləri bir tərəfə buraxaq, Avropa Şurası Parlament Assambleyasının binası qarşısında 5-6 ildir sessiya gedən bütün günlərdə səhərdən-axşama qədər 7-8 PKK simpatiyaçısı Abdulla Öcalanla bağlı broşürləri hər sessiyaya gələn insana paylayırlar. Bu insanlar illərdir səbrlə öz terrorçularının təbliğatını sürdürürlər, bizsə ardıcıl olaraq bunu etməyə tənbəlləşirik". Millət vəkili qeyd edib ki, ölənlərimizə rəhmət, qalanlarımıza qeyrət arzulamaqla yanaşı düşmənlərimizdən də ibrət götürməyi vacib sayır: "Haray çəkilmədən yardıma qoşan bir cəmiyyət olmağa çalışmalıyıq".
Millət vəkili Zahid Oruc isə deyir ki, millət adətən faciələrdə deyil, .uğurda birləşməli, bayramları və böyük təntənə yaradan coşqulu qalibiyyətləri dərsliyinə, ədəbiyyatına, real yaşam məfkurəsinə oturuşdurmağı bacarmaldır: "Vətən bir tələbənin nailiyyəti, bir bənnanın əl işi, bir rəngsazın natrümortu ilə qurulur. Nə vaxt hamılıqla dərk etsək ki, hər birimizin uğuruna çalışaq və sevinək, onda biz dünya səhnəsində obrazla deyilən nümunəvi bir millətə çevriləcəyik". Millət vəkili bildirib ki, biz ağlamağı deyil, qələbə doğuran göz yaşlarını üstün tuturuq: "Xocalı faciədir.Lakin biz onunla ermənilərdən fərqli olaraq fəxr etmirik. Soyqırım üzərində dövlət qurulmaz. İnsanların normal həyat fəlsəfəsi sizcə necə olmaldır? Qurmağa,yaratmağa və ətrafa svinc bəxş etməyə köklənməyən adamlar, eləcə də bu xüsusiyyəti cəmləşdirməyən toplumlar hər cür ittihamlara layiqdir. Elə isə bu gün ekran qarşısında dayana bilməyən,1992-ci ilin acı mənzərələrinə və amansız ölümlərin ruhuna köklənməyən Azərbaycan övladlarına haqq verməli, onların xoş duyğularla, əbədi sülh dünyası ilə yaşamasına qarşı çıxmalı deyilik. Axı normalda hər bir canlının sabaha yönələn ümid və arzuları yalnız qanlı tarixinin dərsləri, mühakiməsi üzərində qurula bilməz. Köksünə qılın sancılmış körpədən, soyuqdan yumağa dönmüş qocadan, ayağının və gözünü itirmiş gəlindən bəhs edən divar rəsmləri, foto və bədii nümunələrlə necə daim həyat sürmək olar?" Zahid Orucun sözlərinə görə, Xocalı bizi əymək, ağlatmaq və kiçiltmək üçün deyil: "Bilməliyik, Kambocadan, Cənubi Afrikaya, Əlcazairdən Peruya qədər çoxlu xalqların belə sarsıntısı olub. Ona görə tarixə münasibətimiz dəyişməyincə qalxınmaq, yürümək və güclü olmaq imkanı tapa bilməyəcəyik".
Süleyman İsmayılbəyli